Nikahın qeydə alınması- 5 manat

23 Oktyabr 2013 09:35 (UTC+04:00)
Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi İsrafil Əlili bildirib ki, nikah Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri və rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır.

Bəzən, üzrlü səbəblər olduqda, nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər. Xüsusi hallarda isə (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər. Belə hallara praktikada az rast gəlinir. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Əgər bu orqan nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər (onlardan biri) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.

Hüquqşünas bildirir ki, Azərbaycan Respublikasında nikah yaşı 18 yaşdır. Lakin, bəzi üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu səbəblər daha çox nikaha girmək istəyən tərəflərin ailə vəziyyətləri ilə bağlı olur. Məsələn, onların valideynləri ağır (ölümcül) xəstə olduqda, qız hamilə olduqda və s. hallarda tərəflər 17 yaşında nikaha daxil ola bilərlər.

"Nikahın bağlanmasının vacib şərtlərindən biri də nikaha daxil olan şəxslərin yazılı razılığıdır. Tərəflərin razılığı olmadan bağlanan nikah etibarsız sayılır." – deyə hüquq məsləhətçisi vurğulayıb.

Ailə qanunvericiliyində nikahın bağlanmasına mane olan hallar göstərilmişdir. Belə ki, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:

- yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar;

- övladlığa götürənlər və övladlığa götürülənlər;

- ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;

- ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.

Hüquqşünas Əlilinin dediyinə görə, qanunvericilikdə nikaha daxil olmaq istəyən gənclərin tibbi müayinəsi ilə bağlı müddəalar da öz əksini tapmışdır. Belə ki, nikaha daxil olan şəxslərin tibbi müayinəsi, habelə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların razılığı ilə yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir. Nikaha daxil olan şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir. Əgər, nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AiDS) olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır.

Daha sonra hüquqşünas daha bir maraqlı məqama toxunub – tərəflərin soyad seçməsi. Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər. Nikaha daxil olanların biri və ya hər ikisi qoşa soyada malik olduqda soyadların birləşdirilməsinə yol verilmir. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Əgər nikah pozularsa ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdir.

Sonda hüquq məsləhətçisi qeyd edib ki, nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manat təşkil edir.

AzNews.az