Zahid Oruc hökumətdə yeni dəyişikliklərin anonsunu verdi

23 Oktyabr 2013 11:36 (UTC+04:00)

"Prezidentin yeni hökumətin təşkili ilə bağlı atdığı addımlar, onun komanda qurmaq qabiliyyətini bir daha ortaya qoymuş oldu".


Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib.

Hökumətdə reallaşdırılan dəyişiklikləri və yeni təyinatları dəyərləndirən millət vəkili bildirib ki, Müdafiə Nazirliyinin rəhbərinin daha gənc və əvvəlki fəaliyyəti ilə müsbət xarakterizə olunan şəxsin təyin olunması ordu quruculuğuna daha çox önəmin verilməsi anlamına gəlir:

"Bununla da dövlət başçısı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, ordu quruculuğunun daha da peşəkar şəkildə aparılması, bu sahədə mövcud olan nöqsanların aradan qaldırılmasına yönələn addım atdı. Öz-özlüyündə bu həm də Qarabağ münaqişəsinin həllinə də təsir göstərəcək".

Z. Oruc qeyd edib ki, əhalinin sosial tələblərinin təminatında yarana problemlərin aradan qaldırılması da yeni hökumətdən gözləntilər sırasındadır. Milli Məclisin deputatı bu sferada edilən dəyişikliyi də müsbət xarakterizə edib:

"Dəfələrlə ünvanlı yardım siyasətinin problemlərlə müşayiət olunması, vətəndaşlara çatmasında əliəyrilik və məsuliyyətsizlik hallarının geniş yayılmasına dair narazılıqların şahidi olmuşduq. Vaxtilə bu halların dövlətin etibarına təsir göstərməsini əsas gətirərək, problemlərin aradan qaldırılması üçün səriştənin çatışmaması səbəbindən həmin şəxsi istefaya da çağırmışdım. Hesab edirəm ki, ölkə üçün yeni dönəmdəki bu dəyişiklik şəffaflığının təşkil olunmasına səbəb olacaq".

Z. Oruc əlavə edib ki, mühüm nazirliklərin rəhbəri postuna irəli çəkilən hər üç şəxs ötən dövr ərzində də dövlət başçısı ilə işləmək təcrübəsinə yiyələniblər: "Ancaq indi onlara daha geniş sahənin etibar olunması, qarşılarında yeni meydan açmış oldu. Bu baxımdan da bu hökumətdən yeni uğurlar gözləyirəm".

Z. Oruc bundan sonra da Nazirlər Kabinetinin tərkibində yeni təyinatların reallaşacağına ümid etdiyini də qeyd edib: "Əminəm ki, bundan sonra da yeni dəyişikliklər baş verəcək".

Ramil Məmmədli
AzNews.az