Dünya azərbaycanlıları Bodruma toplaşır

3 Avqust 2012 13:25 (UTC+04:00)
Avqustun 5-də Türkiyənin Bodrum şəhərində "Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər" mövzusunda Forum öz işinə başlayacaq. Forumda Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri, millət vəkilləri, dünyanın müxtəlif ölkələrində yaşayan 200-dək soydaşımızın iştirakı nəzərdə tutulub. Forum çərçivəsində keçiriləcək görüşlərdə və müxtəlif panellər üzrə müzakirələrdə Rusiyada, Türkiyədə, Ukraynada, Gürcüstanda, ABŞ-da və digər ölkələrdə yaşayan azərbaycanlıların yaşadıqları ölkələrin cəmiyyətinə inteqrasiyası problemləri, bu ölkələrdəki Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparılacaq, konkret təkliflər irəli sürüləcək. Həmçinin forum çərçivəsində "Azərbaycan diasporu: ensiklopedik məlumat" toplusunun, "Dünya Azərbaycanlılarının III Qurultayı" kitab-diskinin təqdimatı, Azərbaycan incəsənət ustalarının çıxışı planlaşdırılıb. Forum öz işini avqustun 7-də toplantının yekun sənədlərinin müzakirəsi ilə başa çatdıracaq.

Gültən
Az.News.az