Yazılan qalacaq

23 Oktyabr 2013 13:03 (UTC+04:00)
Yazıçı İradə Aytelin "Qanlı öpüşlər kitabı haqda qeydlər


Son vaxtlar ədəbi prosesdə "literaturşina" deyilən bir məfhum dövriyyəyə buraxılıb. Şübhəsiz ki, "şəhər nəsri", "kənd nəsri" şərti və süni anlayışlardır və könül istərdi ki, qələm sahiblərimiz sübuta ehtiyacı olmayan bir fikir ətrafında var-gəl etməsinlər, son dövrlərdə ortaya çıxmış maraqlı ədəbi nümunələr haqqında qərəzsiz, sağlam, obyektiv fikir yürütsünlər. Nədənsə, həmkarkarımızın qələmindən çıxan maraqlı nəsr nümunələri təhlilə cəlb olunmur, diqqətdən kənarda qalır. Ədəbi polemikalar yox dərəcəsindədir. Mən sifarişlə konkret əsərlər haqqında yazılan, müzakirə xarakterli yazıları nəzərdə tutmuram.

Məsələn, son illər prozamızda kifayət qədər maraqlı, tutumlu, bitkin nəsr nümunələri – roman və hekayələr yazılıb. Nədənsə, bu əsərlərin böyük əksəriyyəti laübalı bir sükutla qarşılandı. Ad çəkməyə lüzum yoxdu. Görünən dağa nə bələdçi? "Oxucu!" deyib dad edən biz yazarlar bir-birimizi oxumuruqmu? Oxumuruqsa, oxucudan nə umuruq?

Oxuyuruqsa, bəs niyə susuruq? Tənqidçi dostumuz Rəhim Əliyevin yaxşı bir sözü var, deyir "biz bir-birimizdən yazmasaq, heç kəs bizim haqqımızda yazmayacaq, buna əmin olun!"

Bu prinsipdən çıxış edərək gözəl yazarımız İradə Aytelin yenicə çapdan çıxmış "Qanlı öpüşlər" adlı hekayələr kitabı haqqında yazmaq istədim.

Kitaba toplanmış hekayələrlə əvvəlcədən tanış idim, iş elə gətirdi ki, onları kitab halında yenidən oxuyası oldum və təəssüratlar təzələndi.
Bu hekayələrin demək olar ki, əksəriyyəti sərt realizm üzərində qurulub, realist hekayələrdir. İradə kifayət qədər sərt yaza bilir. Hekayə boyunca nəql edilən, oxucuya adi görünən əhvalatlar ictimai mətləblərdən xəbər verir. Xüsusən, "Qatil portretlər" hekayəsində yazıçının bu ustalığı üzə çıxır. Yeri gəlmişkən, bu hekayəni pritça da adlandırmaq olar.

Onun bütün hekayələri qoyulan problemə və mövzuya fərdi və fərqli baxış nöqteyi-nəzərindən seçilir, diqqəti cəlb edir. "Fahişə Mələk" hekayəsini oxuyub görürsən ki, küçədə dilənən bir qızın həyatı haqqında bundan daha təsirli nəsə yazmaq çox çətindir.

Çox… Xanım yazar rəhmsizcəsinə tünd boyalardan istifadə edib, hekayədə təsvir edilən talesiz qızın faciəsini öz içindən keçirib yazıb. Ədəbiyyatın başlıca missiyası da insana qahmar durmaqdan ibarət deyilmi? Müəllif həyatı, taleyi etibarilə hekayənin qəhrəmanı Sevincdən zəmin-asiman fərqli bir qadındır. Amma o, bu boyda dünyada kimsəsiz, köməksiz qalmış, biganəliyin, laqeydliyin tunelində çabalayan, zalım adamlar tərəfindən təcavüzə məruz qalmış bir qızın daxili dünyasını, hiss və həyəcanlarını, qorxu və təlaşını necə də dəqiq, dürüst, inandırıcı təsvir edib! Sənə tamamilə yad, uzaq olan bir adamın ağrılarını, həyatla təkbətək döyüşünü bu qədər dəqiqliklə, təfərrüatıyla təsvir edə bilmək üçün yazıçı olmaq lazımdır. Başqa cür mümkün deyil.

Əslində mən yazımı İradənin "Yetim laylalar" hekayəsi üzərində qurmaq istəyirdim, amma yazı prosesində fikirlərim qeyri-ixtiyari başqa məcraya yönəldi. "Yetim laylalar" haqqında yazmaq mənim üçün olduqca çətindir, ağırdır. Bir ananın laylası dilində donursa, bu layla ağıya çevrilirsə… Yox… Yaza bilmirəm…

İradə Aytel zərif qadın duyğularını sevgidən bəhs edən hekayələrinə səpələyib. "Qanlı öpüşlər"də xəyanətin cəzası və qadının möhtəşəm sevgisi, "Vağzallı "Vağzalı"da vəfa, sədaqət, "Virtual sevgi"də uzaqdan-uzağa məhəbbət oyunlarıyla baş qatan aşiqlərin melodramatik ovqatı əslində vahid süjet xəttindən ayrılan, şaxələnən qollardır. Bu hekayələrin qəhrəmanları öz sevgiləri uğrunda mümkün olan bütün vasitələrə əl atırlar, hətta ölümə də!

Yuxarıda qeyd etdiyim kimi, İradənin təhkiyəsi sərtdir, yalındır. "Səhv düşən "Fatihə" hekayəsində qonşu qadınlarla bacısının məzarını ziyarətə gedən Simnazın başına gələn məzəli, bir az da kədərli hadisə təsvir edilir. Unikal hekayədir. Hekayənin qəhrəmanları kənd qadınlarıdır, hərəsinin də bir yığın dərdi-səri…

Bu qadınlar qəbir üstə gedirlər, amma yol boyu şux zarafatlarından da qalmırlar. İradə situasiyanı elə gözəl təsvir edir ki, bu zarafatlar süni təsir bağışlamır, əksinə, olduqca təbii görünür. Onlar bu zarafatlarla sanki bir-birinin dərdini yüngülləşdirir, gorgahın ağır havasına boyun əymək istəmirlər.

Qadınların bir ağızdan ağlaşmasının və üstəlik mollanın şorgözlüyünün, kəmfürsətliyinin ucbatından(molla da ölü yiyəsini səhv salır) səhv düşən "Fatihə" unudulmuş bir qəbrin başdaşısından şad-xürrəm boylanan "sivri bığlı, motal papaqlı, ağsaqqal kişi"yə qismət olur… Gor evində də qismət…

Bu hekayəsində İradənin üslubu qabarıqdır, hekayənin bədii sintaksisi, təhkiyənin frazeoloji quruluşu artıq üslubu müəyyənləşdirir. "Gəncə-Qazax marşrutu", "Qonaqlıq" hekayələrində də bu məxsusilik açıq-aydın görünür.

Daha nə yaza bilərəm… Bu yazımı İradə Aytelin gələcəkdə iri həcmli nəsr əsərləri yazacağına möhkəm inam hissi ilə bitirirəm.

Yazılan qalacaq, İradə Aytel… Yeni əsərlərini gözləyirik.

AzNews.az