Turan Cavidin anım mərasimi keçirilib

23 Oktyabr 2013 17:37 (UTC+04:00)
C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Turan Cavidin 90 illik yubileyinə həsr olunan anım mərasimi keçirilib.

APA-nın məlumatına görə, "Turan Cavid Qadın Mərkəzi" ictimai birliyinin təşəbbüsü ilə keçirilən anım tədbirində iştirak edən ziyalılar, mədəniyyət və incəsənət xadimləri Turan Cavidin həyat və yaradıcılığı haqqında çıxış ediblər.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Turan Cavidin keçdiyi ömür yolu haqqındakı fikirlərini tədbir iştirakçıları ilə bölüşüb: "Böyük mütəfəkkir Hüseyn Cavidin ailəsində böyüyən Turan xanım sonralar Cavidlər ailəsinin irsini ləyaqətlə qorudu, Azərbaycan xalqının mədəni və mənəvi sərvətinə çevrilən bu irsi gələcək nəsillərə əmanət etdi. Turan xanım Azərbaycan qadınının ləyaqət zirvəsi idi. O böyük qadının əzəməti qarşısında baş əyirəm".

Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, xalq artisti Afaq Bəşirqızı Turan Cavid haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, Turan Cavidi itirdiyimiz nadir şəxsiyyətlərdən biri kimi dəyərləndiriblər.

Anım tədbirində Hüseyn Cavidin və Turan Cavidin həyat və yaradıcılığını əks etdirən video-çarx nümayiş olunub. Xatirə gecəsində xalq artisti Niyaməddin Musayev, əməkdar artist Nuriyyə Əhmədova və başqaları musiqi nümunələri ilə çıxış ediblər.

AzNews.az