ADPU geri çəkildi- Yenilənib

24 Oktyabr 2013 14:14 (UTC+04:00)



Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələrinin narazılığına səbəb olan məsələ həllini tapıb.

APA-nın məlumatına görə, ADPU-nun rektoru Yusif Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, ötən gün tələbələrlə keçirilən görüşdən sonra yekun qərar qəbul olunub.

Rektorun sözlərinə görə, qərara əsasən, tələbələr əvvəl olduğu kimi, semestr imtahanını test üsulu ilə imtahan verəcəklər.

Artıq tələbələrin bu tələbi yerinə yetirildiyi üçün bu günə planlaşdırılan aksiyanın keçirilməsinə də ehtiyac qalmayıb.

***
10:02
Azərbaycan Dövlər Pedaqoji Universitetinin (ADPU) tələbələri yenidən aksiya keçirə bilərlər. Ötən gün imtahanların keçirilmə qaydası ilə bağlı rəhbərliklə tələbələr arasında razılıq əldə olunmayıb. Bundan sonra tələbələr yenidən etiraz aksiyası keçirəcəklərini bəyan ediblər.

Universitetin rektoru Yusif Məmmədov "Azadlıq" radiosuna açıqlamasında tələbələrin qaldırdıqları məsələlərin bəzilərinin nəzərə alınacağını deyib: "Tələblərin tələbləri arasında mütərəqqi məsələlər var. Onlar nəzərə alınacaq. Imtahanların formasında hər hansı dəyişiklik olmayıb. Biz sadəcə keyfiyyəti bir az artırmaq məqsədi ilə müəyyən üsullar haqqında fikirləşirik. Tələbələrin də bəziləri bununla razılaşmırlar. Çalışacağıq ki, tələbələrin istəklərindən çox da kənara çıxmayaq".

Son görüşdən tələbələrin narazı qalması və yenidən aksiya keçirəcəklərini bəyan eləməsinə gəlincə, rektor bundan xəbərdar olduqlarını bildirib: "Bilirik, eşitmişik. Biz bir neçə fakültə ilə görüş keçirmişik, hərəsi bir fikir deyir, amma hesab edirəım ki, narazı olmazlar".

Qeyd edək ki, tələbələrin aksiya etmələrinə səbəb onlardan yazılı imtahan götürülməsidir. Bundan öncə tələbələr testlə imtahan versələr də, indi universitet rəhbrəliyi imtahanların yazılı olacağını bildirib. Tələbələr isə bir neçə dəfə bununla bağlı narazılıq etsələr də, cavab ala bilməyiblər. Son olaraq isə gənclər çıxış yolunu universitetin həyətində aksiya etməkdə görüblər. Onların ilk aksiyası oktyabrın 21-də keçirilib.

Həmin aksiya zamanı universitetin həyətində tələbələrin qarşısına çıxan rektor Yusif Məmmədov hazırda imtahanın hansı formada keçirilməsi ilə bağlı qərar olmadığını deyib. Məsələ ilə bağlı Təhsil Nazirliyinin qərar verəcəyini deyən rektor əlavə edib ki, tələbələrlə görüşlər keçiriləcək və bununla əlaqədar məsləhətləşmə aparılacaq.

Musavat.com-un məlumatına görə, ADPU-nun etiraz edən tələbələri dərsə buraxılmırlar. Tələbələr deyir ki, universitet rəhbərliyi imtahanların həm test, həm də yazılı şəkildə keçirməsinə etiraz edən tələbələri təhsil ocağından qovmaqla hədələyir. Universitet rəhbərliyi isə məlumatın yalan olduğunu iddia edir.

"Azadlıq"a danışan tələbələr isə tələblərində israrlı olduqlarını söyləyiblər. Onlar imtahanların birini istəyirlər: "Ya yazılı olsun, ya da test. Ancaq öncədən bizə deyilsin. Əks halda yenidən aksiya keçirəcəyik".

AzNews.az