"Heç bir ölkə demokratiyanı təzyiq vasitəsi kimi ixrac edə bilməz"

24 Oktyabr 2013 10:02 (UTC+04:00)
"Avropa Parlamenti soyuq müharibə dövründən qalmış təfəkkürdən çıxış edir"

"Ermənistanda "Kalaşnikov" avtomatı ilə müşayiət olunan prezident seçkilərinə müsbət qərara verən Avropa Parlamenti Azərbaycandakı seçkiləri narazılıqla qarşılayır."
Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib. O bildirib ki, Avropa Parlamenti Azərbaycanda keçirilən seçkilərlə bağlı qərarı yumşaltmaq üçün oktyabrın 23-də keçirilən iclasında Dağlıq Qarabağla bağlı da qətnamə qəbul edib.

Deputat Avropa Parlamentinin mövqeyində bir sıra uyğunsuzluğun olduğunu qeyd edərək, bu qurumun son addımlarında soyuq müharibə dövründən qalmış təfəkkürün yer aldığını da söyləyib: "Onu anlamalıdırlar ki, Azərbaycan öz "böyük qardaşına" artıq uzun illərdir əlvida edib. Bizə böyük qardaş yox, tərəfdaş lazımdır. Azərbaycan qarşılıqlı maraqlar əsasında, Avropa ilə elm və təhsil, enerji və digər sosial sahələrdə əməkdaşlıqda maraqlıdır. Düşünürəm ki, heç bir ölkə demokratiyanı təzyiq vasitəsi kimi ixrac edə bilməz. Bu məsələ hər bir xalqının iradəsi ilə həyata keçirilə bilər".

A.Mollazadə deyib ki, bütün bunlara baxmayaraq, Azərbaycan Avropaya inteqrasiya yolundan dönməməli, məsələyə emosiya ilə yanaşmamalıdır: "Biz kasıb xalq kimi Avropaya inteqrasiya etmirik. Maraqlı olduğumuz sahələr üzrə əməkdaşlığı genişləndirmək niyyətindəyik. Avropanın bəzi qurumlarının Azərbaycana qarşı siyasi oyunlara yer verməsi isə köhnə imperiya yanaşmasını xatırladır. Bütün bunlardan çəkinilməlidir".

A.Mollazadə Avropa Parlamentinin məlum qətnaməsinin Rusiya ilə Azərbaycan arasındakı müsbət tendensiyalarla müşayiət olunan son münasibətlərlə bağlılığını da istisna etməyib.

Qeyd edək ki, oktyabrın 23-də Strasburqda Avropa Parlamentinin plenar sessiyası keçirilib. Sessiyada 9 oktyabr prezident seçkilərinin beynəlxalq standartlara cavab vermədiyi bəyan edilib.

Ramil Məmmədli
AzNews.az