ÜAK: “Artıq Rusiyadakı azərbaycanlılar incidilmir“

24 Oktyabr 2013 12:03 (UTC+04:00)
"Əgər ötən həftə Moskva və Rusiyanın digər regionlarında polislər azərbaycanlıların sənədlərini yoxlayan zaman müəyyən qanunsuzluqlara yol verirdilərsə, artıq belə hal yoxdur".

Bunu apa-ya açıqlamasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyev söyləyib.

Onun sözlərinə görə, heç kimin milli dəyərlərə toxunmaq haqqı yoxdur: "Rusiya rəhbərliyi Moskvanın Qərbi Biryulevo rayonunda baş verən olayla bağlı mövqeyini açıqladıqdan sonra soydaşlarımızın ÜAK-ın mərkəzi ofisindəki "qaynar xətt"ə zənglərinin sayı dəfələrlə azalıb. Əgər olayların ilk günlərində gün ərzində "qaynar xətt"ə 100 zəng olurdusa, dünən cəmi 25, bu gün ərzində isə cəmi 3 zəng olub. Artıq Moskvada və Rusiyanın bölgələrində sənədləri yoxlanılan azərbaycanlılar incidilmirlər".

İ.Hacıyev deyib ki, dünən və bu gün zəng edənlər əsasən Rusiyadan Azərbaycana getmək, Azərbaycandan Rusiyaya gəlmək istəyənlərdir: "Azərbaycandan Rusiyaya gəlmək istəyənlər Rusiyada yaşamaq və işləmək üçün hansı sənədlərin lazım olduğunu soruşurlar. Rusiyadan Azərbaycana getmək istəyənlər də geri qayıdarkən hansı sənədlərin lazım olduğu ilə maraqlanırlar. Rusiyada incidilməkdən şikayətlə bağlı zənglər artıq yoxdur. Sadəcə, zəng açan soydaşlarımızın bir qismi noyabrın 4-də Moskvada və Rusiyanın bölgələrində keçiriləcək Rus marşı ilə bağlı suallar ünvanlayıdılar ".

ÜAK icraçı direktoru bildirib ki, "Rus marşı" ilə bağlı suallar ünvanlayan soydaşlarımızı narahat olmamağa çağırıblar: "İcazə verilibsə, bu aksiya qanun çərçivəsində keçirilməlidir. Rusiya xalqı çox mədəni xalqdır, ancaq müəyyən təxribatçı qruplar da var, maraqları başqadır. Ona görə də həmin gün soydaşlarımıza müəyyən qədər ehtiyatlı olmağı tövsiyə edirik. Ancaq Rusiyada da bilirlər ki, ölkədə milli məsələləri qabartmaq yolverilməzdir. Soydaşlarımıza isə əsas tövsiyəmiz odur ki, sənədlərini qaydasında saxlasınlar, yerli camaata hörmətlə yanaşsınlar, qanunlara uyğun hərəkət etsinlər. Ancaq soydaşlarımız yersiz incidilsə, Rusiya hökumətinə və bizə müraciət edə bilərlər".

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ÜAK-ın mərkəzi ofisində soydaşlarımıza hüquqi yardım göstərmək məqsədilə təcrübəli hüquqşünaslardan ibarət operativ qərargah yaradılıb. Qərargahda "qaynar xətt" fəaliyyət göstərir (+7 4953637594).

AzNews.az