AXCP və Müsavatdan Asəf Quliyevin təşkilatına kimlər gedəcək? - Açıqlama

24 Oktyabr 2013 12:27 (UTC+04:00)
"Yeni hərəkat müxalif fikirli, lakin son proseslərdən kənarda qalan insanları özündə birləşdirəcək".


Bunu AzNews.az-a açıqlamasında AXCP sədrinin sabiq müavini, Milli Şuranın Mitinq Komitəsinin keçmiş rəhbəri Asəf Quliyev deyib.

A.Quliyev bildirib ki, təşkilat komitəsinin təqdimatı üçün proseslər yekunlaşmaq üzrədir və yaxın günlərdə komitənin təsis olunması ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək. Onun sözlərinə görə, yeni yaranan hərəkatda AXCP, Müsavat Partiyası, Milli Şura və digər partiyaların tanınmış simalarından heç kim təmsil olunmayacaq:

"Çalışırıq ki, hərəkat üzvlərinin partiya mənsubiyyəti olmasın. Daha çox təmiz, bu günə kimi kənarda qalan insanlara üstünlük veririk. Son tədbirlər və mitinqlər də göstərdi ki, siyasi baxımdan aktiv, lakin kənarda qalan şəxslər həddindən artıq çoxdur. Onlar proseslərdə iştirak etmək istəyir, ancaq partiyaya qoşulmurlar. Hərəkat da məhz bunun üzərində qurulur".

A.Quliyev hərəkatın adı, siyasi mövqeyi haqda isə məlumat verməyib.


Bahar Rüstəmli
AzNews.az