Urmiya gölündə ekoloji fəlakət - DAK-dan bəyanat

24 Oktyabr 2013 13:12 (UTC+04:00)
Dünya Azərbaycanlıları Konqresi (DAK) Urmiya gölündə yaranmış ekoloji fəlakətlə bağlı bəyanat verib.


DAK mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bəyanatda bildirilib ki, Güney Azərbaycanın ən böyük gölü olan bu hövzə dünyanın ikinci duzlu gölü kimi UNESCO-da təbii xəzinə kimi tanınır. Ancaq Güney Azərbaycanın təbii tarazlığını qoruyan Urmiya gölü son illərdə İran hökumətinin apardığı məqsədyönlü siyasət nəticəsində göl quruma təhlükəsi ilə qarşı-qarşıya qalıb:

"Hazırda göldə suyun səviyyəsi 7 mert aşağı düşüb. Bu göstərici isə kritik normadan 2 metr aşağıdır. Eyni zamanda Urmu gölünün 150 hektarı artıq duz səhrasına çevrilib. Hətta mütəxəssislər də ciddi tədbirlər görülməyəcəyi təqdirdə gölün 6-7 il ərzində yer üzündən silinəcəyi barədə xəbərdarlıq edirlər. 102 adası olan Urmiya gölü flaminqo və ağ pelikan kimi bir çox köçəri quşların yaylağı olmaqla bərabər, dünyanın nadir və qiymətli su canlılarından olan artmianın yaşayış məskənidir. Ekoloji qeydiyyata görə, Urmiya gölündə 546 növ bitki mövcuddur.

Bəyanatda tənqid obyekti olan İran hökuməti, gölün məqsədyönlü surətdə qurudulmasında maraqlı olduğu qeyd olunur: "Bunda isə əsas məqsəd əslində Azərbaycan türklərinin öz dədə-baba və tarixi torpaqlarını tərk etməsi marağıdır. Bu proses isə sürətlə olmasa da, artıq yavaş-yavaş baş verməkdədir.

Belə ki, son günlər Urmiya gölündən qalxan duz küləkləri Azərbaycan vilayətlərini öz ağuşuna alıb. Artıq duz kütlələri bölgənin iqliminə, o cümlədən də əkin yerləri üçün ciddi təhlükəyə çevrilməyə başlayıb, duzla qarışıq toz dumanı havanı çirkləndirib və görmə məsafəsini qısaldıb, nəticədə insanların səhhətində də problemlərə yol açıb. Bir daha İran rejimini Urmiya gölünü xilas etmək üçün lazımi addımlar atmağa, eyni zamanda BMT başda olmaqla bütün beynəlxalq təşkilatları belə bir böyük ekoloji fəlakətəə biganə qalmamağa çağırırıq".

AzNews.az