DİN-dən Qusar hadisələri ilə bağlı rəsmi açıqlama

24 Oktyabr 2013 13:16 (UTC+04:00)
Daxili İşlər Nazirliyi Qusarda keçirilən xüsusi əməliyyatla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, oktyabrın 16-da Qusar şəhərində valyutadəyişmə məntəqəsinin işçisinə qarşı törədilmiş soyğunçuluqla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilərkən 2 naməlum şəxs tərəfindən odlu silahdan açılan atəş nəticəsində polis mayoru Qalib Quliyev həlak olub, digər 3 əməkdaş isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Silahlı cinayətkarların zərərsizləşdirilməsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin soyğunçuluq hadisəsinin törədilməsində şübhəli bilinən və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı oktyabrın 19-da silahlı müqavimət göstərən qrupun daha bir üzvünün - Qusar şəhər sakini Edik Rüstəmovun gizləndiyi yer müəyyən edilib.

Oktyabrın 23-də bu şəxsin zərərsizləşdirilməsi istiqamətində xüsusi əməliyyat tədbiri keçirilib, nəticədə silahlı müqavimət göstərən Edik Rüstəmov Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qrupu tərəfindən məhv edilib.

Göstərilən faktlar üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Elnur
AzNews.az