ADP bəyanat verdi

24 Oktyabr 2013 13:19 (UTC+04:00)

Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyəti Qacariyyə dövlətinin ərazisinin bir hissəsinin Rusiya imperiyası tərəfindən işğalının ildönümü ilə əlaqədar bəyanat qəbul edib.

Partiyanın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bəyanatda bildirilib ki, Azərbaycanın tarixi ərazilərində mövcud olmuş, Ağa Məhəmməd Şah Qacar tərəfindən əsası qoyulan Qacariyyə dövlətinin Rusiya İmperiyası tərəfindən işğalından 200 il ötür. İşğal nəticəsində çar Rusiyası tərəfindən Azərbaycan xalqına qarşı yüz ildən artıq bir dövr ərzində genosid siyasəti aparılıb, ölkənin yeraltı və yerüstü sərvətləri talan edilib.

İdarə Heyəti hesab edib ki, özünü çar Rusiyasının və SSRİ-nin varisi elan etmiş indiki Rusiya Federasiyasına qarşı Azərbaycana bu işğal nəticəsində dəymiş maddi və mənəvi zərərlərin kompensasiya edilməsi tələbi qaldırılmalı və beynəlxalq hüquqa uyğun müvafiq addımlar atılmalıdır.

ADP ölkə iqtidarını, rus işğalına qarşı sonadək mübarizə aparan və bu yolda şəhid olan, Azərbaycan xalqının böyük oğlu Ağa Məhəmməd Şah Qacarın xatirəsinin əbədiləşdirilməsi istiqamətində lazım olan bütün addımların atılmasına da çağırıb.

Ramil
AzNews.az