Uşaqların istismarına qarşı mübarizəyə dəstək - Layihə

24 Oktyabr 2013 13:34 (UTC+04:00)
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramının maliyyə dəstəyi və yaxın əməkdaşlığı ilə Azərbaycan Uşaqlar Birliyi (AUB) tərəfindən bu ilin oktyabr ayından etibarən "Mənim gələcəyim sənin də gələcəyindir – Uşaqların istismarını dayandıraq" adlı layihə həyata keçirir.

Layihənin məqsədi Azərbaycanda insan alverinin qurbanı olmuş və potensial qurbanı olan uşaqlara sosial, hüquqi və mənəvi dəstək olmaqla insan alverinin aradan qaldırılmasına yardım etmək və "İnsan Alverinə qarşı Milli fəaliyyət Planı"nın icrasında dövlət tərəfindən aparılan fəaliyyətlərə dəstəkdir.

Layihənin əsas vəzifələri Bakı və ətraf ərazilərdə (Binəqədi və Xəzər rayonlarında), həmçinin Qobustan Bərdə, Şəki və Ağdaş rayonlarında və ətraf kəndlərdə məcburi əmək və cinsi zorakılığı qarşı mübarizə haqqında ictimai maarifləndirməni artırmaqdan ibarətdir. Layihəyə cəlb edilən ekspertlər regionlarda ictimai görüşlər təşkil edəcək, sənədi olmayan yeniyetmə və uşaqlara doğum şəhadətnaməsini almaqda kömək göstərəcək. Həmçinin benefesiarlara bir sıra psixoloji və sosial məsləhətlər veriləcəkdir.

Fəaliyyətlər çərçivəsində roman icmasından və internat məktəblərindən olan uşaqların iştirakı ilə Bakıda "Mənim gələcəyim sənin də gələcəyindir" adlı uşaq festivalı keçirəcək. Festival çərçivəsində uşaqların əl işlərindən ibarət işlər nümayiş etdiriləcək, müvafiq uşaq kitabları və digər çap məhsulları sərgilənəcək. Eyni zamanda, təşkilat 2012-ci ildə ABŞ Səfirliyi Demokratiya Komissiyasının dəstəklədiyi layihə çərçivəsində hazırlanmış, uşaq alveri haqqında sosial video çarxları yayımlamağı davam etdirəcək.

AUB həmçinin insan alveri qurbanı və ya potensial qurbanı olan uşaqlarla işləyən sosial işçilər, müəllimlər və digər müvafiq şəxslər üçün bacarıqların artırılması mövzusunda seminarlar təşkil etməyi nəzərdə tutub. Təşkilat uşaqların müdafiəsi üçün milli mexanizmlərin təkmilləşdirilməsində öz səylərini davam etdirmək üçün Azərbaycanda uşaq alveri və uşaq hüquqları ilə bağlı hesabat hazırlayacaq və Dövlət rəsmiləri və QHT-lərin iştirakı ilə görüşlər keçirəcək. Layihə 2014-cü ilin iyul ayında başa çatacaq.

AzNews.az