387 nəfər İİV-ə yoluxub- Azərbaycanda

24 Oktyabr 2013 13:47 (UTC+04:00)
Bu il Azərbaycanda 387 nəfər İİV-ə yoluxub. Respublika QİCS-lə Mübarizə Mərkəzinin 9 ayın yekunları ilə bağlı açıqladığı rəqəmlər bunu göstərib. AzNews.az xəbər verir ki, yanvar-sentyabr ayı ərzində İİV-ə yoluxduğu aşkarlananların 96,1 faizi Azərbaycan, 3,9 faizi əcnəbi vətəndaşdır.

Qeydiyyata alınan 372 Azərbaycan vətəndaşından 228-i (61,3 faiz) kişi, 144-i (38,7 faiz) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşların sayı 135 nəfər olub. Ümumilikdə Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2013-cü ilin 9 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 4171 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 96,7 faizi Azərbaycan vətəndaşı, 3,3 faizi isə əcnəbilərdir, İİV-ə yoluxan Azərbaycan vətəndaşlarından 78,2 faizi kişi, 21,8 faizi qadındır.

QİÇS mərhələsində olan insanların sayı 1265 nəfərdir. Onlardan 1248 nəfəri Azərbaycan vətəndaşıdır. İİV-infeksiyasından dünyasını dəyişmiş insanların sayı 578 nəfərdir ki, onların da 570 nəfəri Azərbaycan vətəndaşı olub. İİV-ə yoluxan Azərbaycan vətəndaşından 57,8 faizi bu infeksiyaya inyeksion narkotik istifadəsi nəticəsində, 31,2 faizi heteroseksual, 1,2 faizi isə homoseksual kontakt nəticəsində, 1,6 faizi anadan uşağa keçməklə yoluxub. Belə xəstələrin 8,2 faizində yoluxma yolu müəyyən edilməyib.

Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb.

AzNews.az