Aşıq Ədalət klipə çəkilməsindən danışdı: “Burda nə var, ay bacı?”

24 Oktyabr 2013 14:03 (UTC+04:00)

Aqşin Tariyeloğlu "Yanıq Kərəmi" adlı klipi aşıq sənət dünyasında narazılıq yaradıb. Narazılığa səbəb ağır şikəstə üstündə ifa olunan "Yanıq Kərəm" kimi bir havanın oynaq ritmlər üzərində verilməsidir.

Aşıq Ədalət AzNews.az-a açıqlamasında bildirdi ki, "Yanıq Kərəm" klipində çəkilməsi üçün saz ifaçısı Aqşinin atası onun evinə gəlib: "Aqşin və atası bizə gəldi. Dedi ki, belə bir klip çəkdirmək istəyirəm. İstəyirəm ki, siz bu klipdə çəkiləsiniz. Mən də razı oldum, burada nə var ay bacı?.. Özü də mən bu klipdə baş rolda çəkilməmişəm. O məndən bu havaya görə məsləhət alır. Mən də ona hava və aşıq sənəti ilə bağlı məsləhətlər verirəm".

Folklorşünas alim Məhərrəm Qasımlının sözlərinə görə, "Yanıq Kərəm" havası iki formadadır: ""Yanıq Kərəm" iki cürdür. Biri var "şikəstə", biri də var ritmik. Toyda çalınan və oynanılan hava ritmikdir. Ritmik yola "Yanıq kərəm" demək olmaz. İkinci havada Kərəmlik bir şey qalmır. "Yanıq Kərəm" əsl ağır şikəstə havasıdır. Köhnə aşıqlar, yəni, Aşıq Mahmud kimi sənətkarlarımızdan başqa "Yanıq Kərəm"inin fərqini, dərdini heç kim anlaya bilməz. Mən o klipə baxmamışam. Dəvət gəldi, amma vaxtım olmadığından gedə bilmədim".

Bahar Rüstəmli
AzNews.az