Sabah MTRŞ-da ANS-lə bağlı qərar veriləcək

24 Oktyabr 2013 14:16 (UTC+04:00)

Milli Televiziya və Radio Şurası (MTRŞ) sabah "ANS" Müstəqil Yayım və Media Şirkətinin və "Xəzər TV" MMC-nin televiziya, radio və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılmasını müzakirə edəcək.

Qeyd edək ki, "ANS" Müstəqil Yayım və Media Şirkətinin televiziya, radio və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 27 aprel 2013-cü il tarixdə, "Xəzər TV" MMC-nin televiziya, radio və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti isə 14 sentyabr 2013-cü il tarixdə başa çatıb.

Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi ilə əlaqədar zəruri texniki-hüquqi prosedur və sənədlərin müvafiq qanunvericilik və beynəlxalq təcrübəyə uyğun surətdə hazırlanması məqsədilə teleradio yayımçılarının xüsusi razılıq (lisenziya) verilməsi və xüsusi razılıq (lisenziya) müddətlərinin uzadılması barədə müraciətlərinə baxılması müvəqqəti olaraq təxirə salınıb, xüsusi razılıq (lisenziya) müddətlərinin uzadılması barədə Milli Televiziya və Radio Şurasına müraciət etmiş teleradio yayımçılarının fəaliyyətinin isə xüsusi razılıq (lisenziya) müddətlərinin uzadılması barədə müraciətlərinə baxılanadək davam etdirməlidir.

Milli Televiziya və Radio Şurasının noyabrın 4-də keçiriləcək iclasında isə kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 17 aprel 2013-cü il tarixdə bitmiş "SKY MAX" MMC-nin, "Baku and Boston TV Communication" MMC-nin, "Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası"nın və televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 7 sentyabr 2013-cü il tarixdə bitmiş "CTV" MMC-nin müraciətlərinə baxılacaq.


AzNews.az