Bakıda baş verən cinayətlərin- Statistikası

24 Oktyabr 2013 15:00 (UTC+04:00)
Bakı Şəhər Baş Polis İdarəsində 2013-cü ilin 9 ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.


İdarədən verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan Baş İdarənin rəisi, polis general-mayoru Rafiq Abbasov bildirib ki, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən aparılan hüquqi dövlət quruculuğu prosesi 2013-cü ilin 3-cü rübündə də uğurla davam etdirilib, ölkədə insan hüquq və azadlıqlarının aliliyi prinsipinin bərqərar olunması təmin edilib.

Bütün bu və ya digər uğurların əsasını təşkil edən ictimai-siyasi sabitiIiyin qorunmasında, ölkədə cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində Azərbaycanın daxili işlər orqanlarının üzərinə qoyulmuş vəzifələr yerinə yetirilib, bu istiqamətdə paytaxt polisi də fəal çalışıb, öz vəzifələrinin öhdəsindən layiqincə gəlib.
Müşavirədə Baş İdarənin rəis müavini, polis general-mayoru Elxan Həsənov geniş məruzə ilə çıxış edib. Qeyd olunub ki, görülmüş işlərin nəticəsi olaraq 2013-cü ilin 9 ayı ərzində paytaxt polisi tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin mühafizəsi, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması sahəsində müəyyən müsbət nəticələr əldə edilib.

Hesabat dövründə Bakı şəhərində DİN və prokurorluq üzrə ümumən 7 467 cinayət qeydə alınıb, onların 6 181-i və ya 82,7%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 17,3%-i isə ağır və xüsusilə ağır cinayətlər olub.
Ümumi cinayətlərin 74,4%-nin, ağır növ cinayətlərin 77,7%-nin, bütövlükdə naməlum şəraitdə baş vermiş cinayətlərin 60,2%-nin açılması təmin olunub.

30 soyğunçuluq və quldurluq cinayəti törətmiş 79 nəfərdən ibarət 28 qrup, eləcə də 163 şəxsi əmlak oğurluğu cinayəti törətmiş 218 nəfərdən ibarət 84 qrup ifşa edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aşkar olunmuş cinayətlər 5,3%, artıb, qanunsuz dövriyyədən 185 kq 850 qram (ötən il 152 kq 433 qram) narkotik vasitə çıxarılıb.

Paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb. Əməliyyat şəraiti nəzərə alınmaqla vahid dislokasiya əsasında xidmət aparan post-patrul xidməti əməkdaşları tərəfindən bu müddətdə qanunsuz keçirilməsinə cəhd göstərilən 3 aksiyanın qarşısı alınıb, şəhər miqyasında keçirilən 48 kütləvi tədbirdə, habelə yüksək səviyyəli ali qonaqların gəlişi ilə bağlı 46 tədbir və mərasimlər zamanı nümunəvi ictimai asayiş təmin olunub.

İstintaq işlərinin və təhqiqatların aparılması, yol təhlükəsizliyinin təmin olunması, vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi, əhalidən gələn şikayətlərin, məktubların öyrənilməsi, onların qəbulunun keçirilməsi, habelə Bakının polis orqanlarının fəaliyyət dairəsinə aid digər sahələrdə də müvafiq işlər görülüb, müsbət nəticələr əldə edilib.

Məruzə ətrafında çıxış edən Bakı Şəhər Baş Polis İdarəsinin bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri görülmüş işlər barədə danışıb, mövcud nöqsanları qısa müddətdə aradan qaldıracaqlarına söz veriblər.
Əməliyyat müşavirəsinə yekun vuran Bakı Şəhər BPİ-nin rəisi Rafiq Abbasov müşavirə iştirakçılarına tapşırıq və tövsiyələrini verib, nöqsanların aradan qaldırılması yollarını göstərib. Baş İdarənin rəisi ölkə rəhbərliyini âə daxili işlər naziri Ramil Usubovu əmin edib ki, Bakı polisi bundan sonra da cinayətkarlığa qarşı mübarizəni əzmlə davam etdirəcək, qanunçuluğun etibarlı qorunması, əmin-amanlığın, ictimai asayişin nümunəvi təmini istiqamətində qarşıya qoyulan bütün vəzifələri və verilən göstərişləri qətiyyətlə yerinə yetirəcək.

AzNews.az