Bulvardakı obyektlərin sayı azaldılacaq

24 Oktyabr 2013 15:40 (UTC+04:00)
Bakı bulvarındakı səyyar obyektlərin sayı azaldılacaq.

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Trend-ə bildirib ki, yay mövsümündə fəaliyyət göstərən səyyar kafelərin, köşklərin, çayxanaların yığışdırılmasına başlanılıb. Belə obyektlərin sayı xeyli azalıb və bu, davam edəcək: "Hazırda belə səyyar obyektlərin sayı 50 faizədək azalıb. Bundan sonra da onların sayı 50 faiz azalacaq".

Yayda bulvara daha çox insanın gəldiyini deyən N.Məcidov qeyd edib ki, həmin səyyar obyektlər insanların yay aylarında daha çox ehtiyac duyduğu məhsulları - sərinləşdirici içkilər, dondurma və s. satırdı. Qışda isə buna elə də ehtiyac olmur. Bu səbəbdən də onların qış aylarında fəaliyyət göstərməsinə zərurət yaranmır.

İdarənin rəis müavininin sözlərinə görə, qapalı obyektlər həmişə olduğu kimi, bu qış mövsümündə də fəaliyyət göstərəcəklər.

AzNews.az