Afaq Bəşirqızı: “Məni ətraf aləm, pisliklər bu hala saldı” – Müsahibə

25 Oktyabr 2013 05:11 (UTC+04:00)
Ən böyük düşmənlərim – Enişteyn və Orxan Pamukdur


"Onlarsız çox darıxıram"


Səhnəmizin sevilən aktrisası, gülüş ustası Afaq Bəşirqızının AzNews.az-a müsahibəsi:

- Bu gün insanları daha çox narahat edən məsələdən başlayaq - teleserialları, filmləri, rejissorları bəyənirsiniz?


- Niyə də bəyənməyim. Bilirsiniz, bir veriliş var idi: "Uşaqlar var, şərait yoxdu".

Fikrimcə, əsas problemimiz məhz budur: bizdə yetərincə şərait yoxdur. Sadəcə, elə görüntü yaradılır ki, guya hər cür şərait var. Təbii ki, adam və pul vacibdir. Ancaq savad da çox önəmlidir. Bəzən, özündən Amerika kəşf edənlər də olur. Tuman, köynək əvəzinə əncir yarpağına bürünüb çıxanlar da az deyil. Amma bu, hamı demək deyil, axı.

- Əgər filmləri bəyənirsinizsə, onda çəkilən filmlərdə niyə görünmürsünüz?


- Dəvət almıram. Təklif gəlsə, ürəyimə yatan rol olsa, qəbul edərəm. Əvvəllər filmə böyük həvəsim yox idi. Son 3-4 ildə fikrim dəyişib.

- Afaq xanım, sizin çox ciddi və aqressiv olduğunuzu deyirlər. Bəlkə, dəvət almamağınız bununla bağlıdır. Ümumiyyətlə, haqqınızda deyilənləri qəbul edirsiniz?


- Bilirsiniz, məni ətraf aləm, pisliklər, nadürüstlüklər bu hala salıb. Amma qocaldıqca sakitləşirəm, deyəsən. Həm də dərmanlar çox təsir edir.

- Psixoloq yanına getmisiniz?


- Niyə getdim ki, nə olub? Başım-zadım xarab deyil ki. Mən elə özüm psixoloqam. Ehtiyacım yoxdur.

- Əməliyyat olunmuşdunuz, indi özünüzü necə hiss edirsiniz?


- Əla, əla!

- Yuxarıda dediyiniz nadürüstləri cəzalandırmaq istəmirsiniz? Ümumiyyətlə imkanınız olsaydı, kimi yox edərdiniz?

- Ürəyim yumşaqdır, ən qatı düşmənimi də yer üzündən silə bilmərəm. Ən zəhləm gedən insanın da xəstələndiyini eşidəndə ürəyim pis olur. Bəlkə də zahirən bunu hiss etdirmirəm, ancaq ürəyimdə yanıram. Bir insanı sevməməyim üçün çox güclü səbəblərim olmalıdır. Məsələn, məşhurlardan ikisini - Enişteyni və Orxan Pamuku sevmirəm. Enişteyni ona görə sevmirəm ki, dahiliyini insanlığa qarşı yönəldib. Həmin dahi deyir ki, atomu kəşf edərək, zərrəciyini mənə vaxtı ilə yuxarıdan aşağı baxan insanların əllərinə verdim. Bu gün bütün dünya həmin atom zərrəsinin əziyyətini çəkir. Orxan Pamuku isə Nobel mükafatı almaq üçün yazdığı cümləsinə görə sevmirəm. Romanına görə yox, həmin cümləyə görə də Nobel mükafatını aldı. Pamuk öz romanında yazdı ki, türk xalqı 600 min kürdü, 1 milyon ermənini qırıb. Vətənpərvərlik, milli hisslər hər kəsdə olmur. Bu hissi olmayanları sevmirəm. Hər xırda səbəbdən insandan üzüm dönməz. Gərək insan məni o qədər hövsələdən çıxartsın ki, onu həyatımdan siləm. Bu həddən sonra isə adamın varlığı ilə yoxluğunun mənim üçün fərqi olmur. Bir də ki, yaradanın əlindədir sevdirmək də, sildirmək də. Mən kiməm ki?

- Paxıllıq hissiniz var?

- Paxıllıq, eqoistlik, "onda var, məndə də olsun" fikri və s. mənə bu hisslər çatmır. Ümumiyyətlə, indi olduğum səviyyəyə çatmazdan əvvəl də belə hisslərlə yaşamamışam. Bəlkə də Allah ona görə məni bu qədər qiymətləndirdi.

- Deyirsiniz ki, çox həssassınız. Sizə edilən və ediləcək pislikləri əvvəlcədən hiss edirsiniz?


- Şübhələndiyim, ilk baxışdan pis təsir bağışlayan insanları, ümumiyyətlə, yaxınıma buraxmıram. Ətrafımda olan insanlar mütləq xoşuma gəlməlidir. Bu səbəbdən də ətrafımda ancaq məni sevən və sevdiyim insanlar olur. Sənətkarlara münasibətdə fərqli yanaşmam yoxdu. Pis insan, ancaq əsl sənətkar olanlara münasibətdə sənətkar mövqeyi sərgiləyirəm. Yəni, həmin insanı sadəcə sənətkar kimi sevib qiymətləndirirəm.

- Siz siyasətdən uzaq olsanız da, siyasətdə yaxın dostlarınız var… Sinif yoldaşlarınız Etibar Məmmədov və Nazim İmanov deputat olublar. Onlara baxıb deputatlıq eşqinə düşməmisiniz?

- Olub. İlk dəfə 1995-ci ilin deputat seçkilərində ulu öndərin göstərişi ilə deputatlığa namizədliyimi vermişdim. Xırda bir nüansa görə sonradan özüm etiraz etdim. Mən əsl insanam. Bayraq deyiləm ki, kiminsə, nəyinsə xatirinə enim, ya da qalxım. Fikrimcə, bütün məsələlərdə qadınların məsuliyyəti kişilərdən daha çoxdur. Çünki qadın hər yaşda öz adını, ləyaqətini itirə bilir. Bu səbəbdən də qadın adını hər yaşda qorumalıdır. Səhv edirəm, ancaq səhvimə görə cavab verməyi, lazım gələrsə, üzr istəməyi də bacarıram. Bu həyatdan qorxmadığımı artıq sübut etmişəm. Mənə görə ən böyük bədbəxtlik sonrakı peşmançılıqdır. Şükür ki, indiyədək nəticəsindən peşman olduğum hərəkətim olmayıb.

- Sirrlərlə aranız necədir? Sirr verib-sirr saxlamaq, hansı daha çətindir?

- Hər ikisini bacarıram. Sirr sirdir də.

- Kövrəksinizmi?

- Çox… həddindən artıq kövrəyəm. Bu xasiyyətim məni çox əsəbiləşdirir. Dilim bir söz deyir, gözüm başqa söz. Ancaq zəif qadın deyiləm.

- Başa düşülürsünüzmü?

- Elə olmasaydı, ümumiyyətlə, yaşaya bilməzdim.

- Bəs, dostunuz çoxdur?

- Dost ifadəsi böyük anlamdır. Dostluq qarşılıqlı qayğı və diqqət tələb edən münasibət formasıdır. Qışda yayını, yayda qışını fikirləşməlisən dostunun. Sevdiklərim bilir ki, mən hər an onların yanındayam. Ancaq sirr və qayğılarımı hər adamla bölüşmürəm. Bu baxımdan oğlumla həyat yoldaşımdan başqa dostum yoxdu.

- Bəs, necə anasınız?

- Doğrusu, balasına "ölüm ayağının altında" deyən analara acığım tutur. Onda uşaq qudurur. Danılmaz faktdır ki, istənilən ana özünü övladına qurban verər. Lazım gəlsə, diri-diri qəbirə girib balasının ayağının altına dayaq olar ki, övladının yeri çökək olmasın. Amma bunu demək lazım deyil. Övlad anasını hər an itirməkdən qorxmalıdır.

- Səhnədə ölkənin gülüş ustadısınız. Həyatda zarafata münasibətiniz çox maraqlıdır.

- Zarafatı sevmirəm. Hər adam da yanımda lətifə danışa bilməz. Mənim cəmiyyətlə aramda qalın bir pərdə var. O pərdə iki saatlıq tamaşada açılır və qapanır.

- Bədxərcsiniz?

- Mənə pul yığmaq düşmür. Bu yaşa gəlmişəm, hələ bir əmanət bankında pulum olmayıb. Lotereya oynamamışam.

- Hədiyyə verməyi, yoxsa almağı sevirsiniz?

- Pay verməyi də sevirəm, pay almağı da.

- Vasvası insansınız?


- Vasvası dediniz, qoydunuz. Dəhşətəm mən. Nənəm mənim barəmdə deyirdi ki, göyərtini elə yuyur, az qalır ki, kisələsin. Özünüz təsəvvür edin də.

-Özünüzdən razısınız?

- Fikrimcə, insan özünə qiymət verməyi bacarmalıdır. Bunu edə bilməsən, kimsə sənə qiymət verməz. Mən də özümü qiymətləndirirəm. Bəzən, narazı da olduğum vaxtlar olur. Əsas odur ki, müştəbeh deyiləm. Özümü mühakimə edirəm.

- Dolu vedrənin boş görmürsünüz ki?

- Dolu gördüyüm vaxtlar daha çoxdur.

- Sizi həmkarlarınızla nə bağlayır?

- Ancaq xoş xatirələr. Onlar da artıq yoxdur. Çox darıxıram həmkarlarım üçün. Onlarsız qapımı çox yalan döyür. Hər yerdə onları axtarıram.

- Ehtiyacınız çoxdur, yoxsa sizə ehtiyacı olan?

- Sol əlin verdiyini sağ əl, sağ əlin verdiyini sol əl bilməməlidir. Mən bu sualı cavabsız qoyuram.

- Komplekslisiniz?

- Bəli çox.

- Onda imicinizi dəyişmək o qədər də asan olmayıb...

- İmicimdə dəyişiklik etməməyim həyat yoldaşımla aramızdakı müqaviləyə əsasən idi. Onun istəyi ilə müəyyən yaşa qədər elə olmalıydım. Həmin Afaq həyat yoldaşımın görmək istədiyi Afaq idi. İndi isə öz zövqümə uyğun imicdəyəm.

- Yüz ölçüb bir biçirsiniz?

- Yox, tez qərar verirəm. Qərar verməkdən qorxmuram. Ona görə də səhv etdiyim vaxtlar da olur. Çox vaxt, ürəyimin səsinə qulaq asıb hərəkət edirəm. Məncə, hər hansı məsələdə fikrin qəti deyilsə, qərar verməyə dəyməz. Xüsusən, qərarın səndən başqasının, hətta başqalarının da həyatına təsir edəcəksə, daha ehtiyatlı olmalısan.

- Necə fikirləşirsiniz, tarixdə qalacaqsınızmı?

- Yaxşı övladım olsa, bəli, qalacam.

Aygün
AzNews.az