Misirdə Azərbaycanla bağlı konfrans keçirildi

25 Oktyabr 2013 07:10 (UTC+04:00)
Oktyabrın 22-də Misirin Qahirə universitetinin iqtisadiyyat və siyasi elmlər fakültəsində "Explore more about Azerbaijan after 22 years independence" mövzusunda konfrans keçirilib.

Konfrans 2013-cü ildə Azərbaycana "Mən Azərbaycan haqda nə bilirəm" inşa müsabiqəsinin qalibləri kimi səfər etmiş misirli tələbələrin təklifi və Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə keçirilib.

Səfirlikdən verilən məlumata görə, konfransda sözügedən fakültənin tələbələri ilə yanaşı digər fakültənin tələbələri də iştirak edib.
Tədbirin əvvəlində Azərbaycandan bəhs edən filim nümayiş olunduqdan sonra 2013-cü ildə Azərbaycana səfər etmiş bir neçə misirli tələbə Azərbaycan barədə söhbət açaraq, öz təəssüratlarını tələbə yoldaşları ilə bölüşüblər. Azərbaycana səfərlərindən məmnunluqlarını bildirən tələbələr Azərbaycanın ən inkişaf etmiş Avropa ölkələrindən fərqlənmədiyini bildiriblər.

Konfransda iştirak edən səfirliyin əməkdaşı Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra bir sıra çətinliklərlə üz-üzə qaldığını və xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanın böyük bir bəladan xilas olunduğunu bildirib.

Tələbələrə Azərbaycanın müstəqilliyə gedən yolunun çox çətin olduğu bildirilərək, bu müstəqilliyin əldə olunması üçün azərbaycanlıların qanlı 20 yanvar hadisəsini yaşamalı olduğu vurğulanıb.

Tədbir zamanı tələbələrə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi barədə geniş məlumatlar verilib.

9 oktyabr Azərbaycanda Prezident seçkilərinin keçirilməsi barədə də tələbələrə məlumat verilib və İlham Əliyevin Azərbaycan xalqının böyük əksəriyyətinin rəğbətini qazanaraq, yenidən Prezident seçildiyi bildirilib.
Konfransın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, onlarda ölkəmizə qarşı böyük maraq hiss olduğu müşahidə olunub.
Konfransın sonunda tələbələrə ölkəmizdən bəhs edən kitab və materiallar paylanılıb.

AzNews.az