Beynəlxalq narkoticarət şəbəkəsinin rəhbəri həbs olundu

26 Oktyabr 2013 08:00 (UTC+04:00)
Yunanıstan polisi Latın Amerikasından kokain gətirən narkokartelin 16 üzvünü həbs edib, 146,5 kq narkotik götürülüb.


APA-nın məlumatına görə, bundan başqa, saxlanan şəxslərdən 352 min nağd avro, bank hesabından isə 500 min avro müsadirə edilib.

"Qar uçqunu" əməliyyatı eyni vaxtda ölkənin bütün ərazisində aparılıb. Əməliyyatda 100-dək polis, iqtisadi cinayətkarlığa qarşı mübarizə xidmətinin 10 əməkdaşı, kinoloqlar öyrədilmiş itlərlə iştirak ediblər.

Əməliyyata ABŞ-ın Narkotiklərlə Mübarizə Agentliyi (DEA) dəstək verib.

Həbs olunanlar arasında Gürcüstan əsilli yunan da olub. O, cinayətkar şəbəkənin rəhbərlərindən biridir. Gürcüstanda narkotik alveri və ölümə sui-qəsd cinayətləri törətdiyinə görə həmin şəxs barəsində "İnterpol" tərəfindən "qırmızı xət"lə axtarış elan edilib. O, Azərbaycanda da aldatma və dələduzluq əməlləri törətməkdə ittiham olunur.

Təşkilatın daha iki rəhbəri də həbs edilib. Onlardan biri Albaniyadan olan emiqrant, 33 yaşlı yunan, digəri isə 42 yaşlı İspaniya vətəndaşıdır. Saxlanılanlar arasında Venesuela və Ukraynanın 1, Albaniyanın 4 vətəndaşı da var.

Araşdırmalara 2012-ci ilin noyabrında başlanılıb, Latın Amerikası ölkələrindən (Kolumbiya, Ekvador və Venesuela) Yunanıstana böyük partiyalarla kokain gətirən bir neçə cinayətkar şəbəkə aşkarlanıb.

Maliyyə qurumlarında şübhə yaratmamaq üçün narkotik satışından əldə olunan vəsait xeyli sayda insanın vasitəsilə az-az olmaqla, müxtəlif hesablara köçürülüb.

Polis bildirib ki, oktyabrın 24-də Salonikidə banan yüklənmiş konteynerdə 119 kq həcmində 108 bağlama aşkarlanıb.

AzNews.az