Məhkəmənin qarşısında özünü yandıran ana danışdı

26 Oktyabr 2013 08:31 (UTC+04:00)



Oktyabrın 24-də günün ikinci yarısı Xaçmaz sakini, 54 yaşlı Nazan Mirzəyeva üstünə ağ neft tökərək özünü yandırıb. Hadisə rayon məhkəməsinin qarşısında baş verib.

Nazan Mirzəyeva AzadlıqRadiosuna özünə qəsd etməsinin səbəbindən danışıb:

"Bu il mayın 31-də oğlum Sərxan Qabulov qonşusu ilə mübahisə edib. Qonşu da polisə şikayət yazmışdı ki, guya savaşanda oğlum onun üstünə bıçaq çəkib, xəsarət yetirib. Oğlumu həbs etdilər. Ancaq məhkəmədə şahidlər də, həmin qonşu da ifadə verdi ki, hadisə vaxtı Sərxanın əlində bıçaq olmayıb. Qonşu məhkəmədə dedi ki, polisdə ərizə yazanda əsəbi olub, bıçağı da ona görə yazıb".

ANA OĞLUNUN TƏQSİRSİZ OLDUĞUNU DEYİR

Nazan Mirzəyeva deyir ki, buna baxmayaraq hakim oğluna 4 il 9 aylıq həbs cəzası kəsib:

"Oğlum 2 uşaq atasıdır, üçüncü uşağı dünyaya gələcək. Ciyərləri xəstədir. Məhkəmə bunu da nəzərə almadı".

Ananın deməsinə görə, vəkil məhkəmədə vəsatət verib ki, mübahisə vaxtı Sərxan Qabulovun qonşusuna bıçaqla xəsarət yetirməsi təsdiqini tapmadığına görə, ittiham daha yüngül maddə ilə əvəz olunsun. Həm də prokuror iclasda iştirak etmədiyinə görö, fasilə elan edilsin. Ancaq müşavirəyə gedən hakim məhkəmə zalına qayıdaraq təqsirləndirilən şəxsə 4 il 9 ay həbs cəzası verib. Hökm məhkəmə zalında olan iştirakçıların etirazına səbəb olub. Polislər adamları məhkəmə binasından çıxarıb. Nazan Mirzəyeva oğluna kəsilən cəzaya etiraz əlaməti olaraq özünü yandırıb.

- Məhkəməyə ağ nefti özünüzlə aparmışdınız?

- Yox. Fikirləşirdim ki, oğlumu buraxacaqlar. Çünki məhkəmədə hamı günahsız olduğunu demişdi. Hakim cəza kəsəndən sonra məhkəmənin yaxınlığındakı kafeyə getdim. O kafe bizimdir, oğlum işlədirdi. Ağ nefti də, kibriti də ordan götürdüm, qayıtdım məhkəmənin qabağına. Dedim ya oğlumu buraxın, ya da özümü yandıracam. Polislər tamaşaya dayanmışdılar. Tökdüm, yandırdım".

POLİS DEYİR Kİ...

Nazan Mirzəyevanın əlləri, qolları, sinəsi, boynu, boğazı və üzü yanıb. O artıq Bakıya gətirilib. 5 saylı xəstəxananın yanıq şöbəsinin həkimləri deyirlər ki, Nazan Mirzəyeva axşam saatlarında gətirilib, tibbi yardımlar göstərilib, həyatına təhlükə yoxdur.

Xaçmaz rayon Polis İdarəsindən AzadlıqRadiosuna bildiriblər ki, əraziyə nəzarət edən polislər məhkəmə binası qarşısında Nazan Mirzəyevanın qəflətən alışdığını görüblər və alovu söndürüblər. Hadisə yerinə təcili yardım çağırıblar.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır.

Prokurorluqdan AzadlıqRadiosuna bildirilib ki, 29 yaşlı Rövşən Qabulov əvvəllər də 4 illik həbsə məhkum edilib və iki il əvvəl azadlığa buraxılıb.

AzNews.az