“Avtoşluq”- Milli idman növü

26 Oktyabr 2013 09:22 (UTC+04:00)
Bu yazımızın mövzusu "Avtoş"lar - ekstrim həvəskarı olan avtomobil sürücüləridir.


Bu ekstrim sevgisi nəticəsində baş verən avtoqəzalarda qurbanların olması onların cəmiyyətimizdə çox mənfi obrazını formalaşdırıb.

Polis onları avtoxuliqan adlanıraraq, təqib edir və cəzalandırır. Yazımızda məqsədimiz onları sizə tərifləmək, etdikləri hərəkətlərə haqq qazandırmaq deyil. Onların ictimai nəqliyyatda etdikləri hərəkətləri biz də qınayırıq, özüm də sürücü olduğum üçün zaman-zaman yolda mənim üçün təhlükələr yaranır.

***

Avtoşların törətdikləri qəzalarda qurbanların sayı artdıqca dövlət onlara qarşı tədbirlər görməyə başladı. Bu tədbirlər planına uyğun olaraq, Milli Məclisdə avtoxuliqanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi. Qanuna edilən yeni dəyişiklikliyə görə, nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozanlar idarəetmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 400 AZN–dən 600 AZN-dək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarəetmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 15 gündən bir ayadək inzibati həbs tətbiq olunur.

Eyni hərəkətlərin il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarəetmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 600-800 AZN-dək cərimə edilir və ya nəqliyyat vasitələrini idarəetmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla bir aydan iki ayadək inzibati həbs tətbiq edilir.

Bu cəzalar "avtoşların" yollarda törətdikləri qəzaların sayını azaltsa da, tam qarşısını almaq üçün kifayət etmir. Bizim fikrimizcə, cəza vermək problemin nəticəsinin həllidir, yaranma səbəbinin yox. Cəmiyyətin qınağına və dövlətin tətbiq etdiyi cəzalara baxmayaq, "avtoşluq" dünən də var idi, bu gün də var, sabah da olacaq.

***

"Avtoşluq" nədir ? Kimlər nə üçün bununla məşğul olur?

"Avtoş" - öz avtomobilini sürətlə sürməyi və riskli tryuklar etməyi sevənlərə deyilir.

Ekstrim həvəskarı olan bu gənclər öz şoularını məhz insanların sayı çox olan yerlərdə edirlər. Çünki onların məqsədi öz bacarıqlarını kiməsə göstərmək və cəmiyyətdə "super" olmaqdır.

Onlar hətta öz "qəhrəmanlıq"larını videoya çəkərək, internet resurslarında yerləşdirirlər. "Avtoşlara" cəmiyyətin münasibəti də birmənalı deyil - onları sevən, dəstəkləyənlər də az deyil.

"Avtoşluğun" yaranma tarixi


Dünyada köçəri mədəniyyətlə oturaq mədəniyyət arasında daima mübarizə gedir. At miniciliyi - köçəri mədəniyyətin bir parçasıdır. İstər qafqazlıların, istər türk dövlətlərdə, istərsə də ərəblər arasında atcılıq və o cümlədən də minicilik məharətinin nümayişi geniş yer alıb. Qafqaz xalqları arasında "Cigid" anlayışı ilə də hər kəsə tanışdır.

Müasir dövrümüzdə sirkdə cigidlərin çıxışlarını televizordan da olsa, görürük. Məsələn, bu gün Rusiyada "Cigidlik" bir idman klubu kimi formalaşıb və bu günümüzə qədər gəlib çıxıb. Cigidlər at çapmaqla və at üzərində müəyyən akrobatik hərəkətlər etməklə öz igidliyini tamaşaçılara göstərməklə onların rəğbətini, alqışlarını qazanır.

Bizcə tariximizdən bu günümüzə qədər zaman keçdikcə, atlar "dəmir atlara" (avtomobillərə) çevrilib. Bugünki müasir avtoşları yeni terminlə "avtocigidlər" adlandırmaq olar. Avtocigidlik bir kultdur. Bu kultun nümayəndələrinin öz tərzləri, öz danışıq üslubları, öz mədəniyyətləri var. Yəni Amerikada müxtəlif kultlar, həyat tərzləri, baykerlər, hipplər, reqqiçilər və sairə olduğu kimi bu da bizim milli kultumuz ola bilər. Biz bu gün bu kultu anlamağa və onu necə düzgün istifadə yollarını tapmalıyıq. Qadağan etməklə, qınamaqla heç nə əldə edə bilmərik.

Təklif edirəm ki, "avtoşlara" bundan sonra AVTOCİGİD deyək və bir brend kimi formalaşmasına çalışaq. Gəlin bir az onlara qarşı adekvat münasibət göstərək. Bu brenddən necə faydalana biləcəyimizi düşünək. Axı, bu dünyada hər bir mənfidə yaxşı, hər bir müsbətdə mənfi var.

Öz- özünüzə sual verin: dəmir Atlı Cigidlər təhlükəli bir əyləncə ilə məşğuldur? Bəs onda, İspaniyadakı öküz döyüşləri az təhlükəlidir?

Bilirsinizmi bir adlı-sanlı motodor torridoda vəhşi öküzlə bir döyüşdən nə qədər pul qazanır? 200.000 Avro.

Bu gün dünyada ekstrimal turizm deyə bir anlayış var. Artıq turistlər təhlükəli əyləncələrə daha üstünlük verir. Məsələn, balinalarla bir yerdə üzmək üçün, Tyanşan keçidindən keçmək üçün, Böyük səhranı piyada qət etmək üçün, Niaqara şəlaləsindən tullanmaq üçün sıraya düzülən və bunun əvəzində pul xərcləyən insanlar var.

Bizcə avtocigidlərə daha dözümlü yanaşmaq və onları Azərbaycana məxsus bir kult kimi formalaşdırmaq və mükəmməlləşdirmək lazımdır. Bizim təkliflərimiz bunlardır: "AVTOCİGİD" İdman klubu yaratmaq , şəhər kənarında əyləncəli bir şəhərcik tikilib orda onların mütəmadi şoularını təşkil etmək olar. Hətta bu şəhərcikdəki şouları gələcəkdə idman çempionatına çevirmək mümkündür. Avtocigidlər Azərbaycanın bütün regionlarında var.

"Avtoşlar" istər MDB ölkələrində, istərsə də Orta Asiya və Ərəb ölkələrində də var. Onları Bakıya cəlb edərək beynəlxalq Avtocigid yarışları keçirmək və bununla da Azərbaycanı bu kultun paytaxtına çevirmək olar. Avtocigid kultunu formalaşdırmaq üçün bədii film çəkərək, bu kultun qayda-qanunlarını həmin filmlərdə təqdim etmək olar. Avtocigidlik əslində, ekstrimal bir əyləncə növüdür. Bu gün fransızların Parkuru, ispanların Torridası, amerikalıların Kovboyları müasir idman növü kimi dünyada məşhurlaşıb və öz ölkələrinə gəlir gətirir.

Düşünürəm ki, avtocigidlik bu gün bizlər tərəfindən sahiblənərsə, bu da Azərbaycanın əyləncə və turizm sektoruna gəlir gətirə bilər. Azərbaycanın əyləncə sektorunun öz brendləri yaranmalıdır. Bunun haqqında düşünmək vaxtıdır.

Yazını oxuyub, şərhlərinizi bizə yazmağı unutmayın.

AzNews.az