Prezidentlərin maaşı necə hesablanır?

26 Oktyabr 2013 09:55 (UTC+04:00)
Azərbaycanda minimum əməkhaqqı (MƏH)105 manatdır (133 dollar), orta aylıq əməkhaqqı isə 400 manat (təqribən 500 dollar ) civarındadır.


Bu o deməkdir ki, heç bir sahibkar işçisinə MƏH-in altında aylıq məvacib verə bilməz. Bununla bağlı ötən saylarımızda xarici ölkələrin müqayisəsini təqdim etmişdik. Bu dəfə dövlət başçılarının məvaciblərinin öz ölkəsinin minimum əməkhaqqına görə nisbətini araşdırmağa çalışdıq.

Beləliklə, Azərbaycan prezidentinin maaşı aylıq 15 min manatdır (19 min dollar), illik isə 180 min manat edir (230 min dollar). Dövlət başçısı artıq 8 ildir ki, bu məvacibi alır. Minimum əməkhaqqı bir neçə dəfə yüksəlsə də, prezilentin maaşı yüksəlməyb. Prezidentin maaşı 2013-cü ildə qəbul edilən minimum əməkhaqqına görə 142 dəfə, orta aylıq əməkhıqqından isə 38 dəfə yüksəkdir. Təbii ki, 8 il bundan əvvəl üçün hesabladıqda bu hədd 200 dəfəni ötürdü.
Qeyd edək ki, Azərbaycanda Baş nazirin aylıq məvacibi 2406 manatdır. Baş nazirin 1-ci müavini 2125 manat, müavinləri isə 2031 manat maaş alırlar.

Digər ölkələrin rəhbərliklərinə gəlincə, qonşu Gürcüstan prezidentinin aylıq məvacibi 2200 dollar, Türkmənbaşı 900 dollar, Belarusiyada isə 2750 dollar qeyd edilir.

Habelə İtaliya prezidentinin illik maaşı 290 min dollar, İngiltərənin baş nazirinin 340 min dollar, Yaponiyanın baş naziri 500 min dollar, ABŞ prezidenti bonusla birgə illik 450 min (400 min əməkhaqqı+50 min bonus) dollar, Almaniya prezident 270 min dollar, Fransa prezidenti ilik 160 min dollar, Türkiyə prezidenti isə 226 min dollar civarında əməkhaqqı alırlar.

Göründüyü kimi, Azərbaycan prezidentinin illik gəliri Avropa dövlət başçılarına nisbətən bərabər, hətta Fransa, Türkiyə kimi inkişaf etmiş ölkələrdən yüksəkdir.

Bəs, minimum əməkhaqqı ilə müqayisədə vəziyyət necədir?
Əlbəttə ki, ölkə rəhbərlərinin yalnız maaşlarının müqayisəsi o qədər də önəm daşımaya bilər. Azərbaycan zəngin neft ölkəsidir, gəlirləri böyükdür, "prezident niyə də yüksək məvacib almasın?" deyilə bilər. Amma əhilinin gəlirləri, hətta hökumətin özünün hesabladığı minimum əməkhaqqı ilə müqayisədə böyük fərqlərə rast gəlmək olur. Daha doğrusu, vətəndaşlarla hökumət rəhbərliyi arasında qoyulan fərq meydana çıxır.

Məsələn, Türikiyədən minimum əməkhaqqı yaşa və əmək qabiliyyətinə görə fərlənir. Orta rəqəm olaraq 340 dollardan hesablanır. Bu ölkədə dövlət başçısı minimum əməkhaqqından 40 dəfə çox maaş alır.
Digər ölkələrə gəlincə, ABŞ-da aylıq MƏH ştatlara görə dəyişir. Orta rəqəm olaraq 1340 dollar götürülür ki, bu da Obamanın aylıq maaşının 3,8 faizidir. Fərq təqribən 24 dəfə edir.

İngiltərə də isə MƏH təqribən 1660 dollardır. Baş nazir David Kameronun aylıq maaşı 20 min dollar olduğunu nəzərə alsaq, 12 dəfə yüksəkdir. Bu ölkədə MƏH baş nazirin məvacibinin 8,3 faizi qədərdir.

Fransaya gəlincə, prezident aylıq 13,3 min dollar alır. MƏH isə ora rəqəm olaraq 2 min dollar civarında hesablanır. Bu da dövlət başçısının maaşının 15 faizi qədərdir. Yəni prezident MƏH-dən 6,6 dəfə yüksək maaş alır.

"Bizim Yol" qəzeti