Mikayıl Cabbarovun buzovu

27 Oktyabr 2013 09:56 (UTC+04:00)
Mən də vərdişkar olmuşam, ancaq klaviaturada yaza bilirəm. Əlimə qələm alıb üç sətri ard-arda düzə bilmirəm. Əlyazması artıq dözülməz işgəncədir. Vallah elədir, inanmırsız?

Eyni zülmü orta məktəb şagirdləri çəkir. Amma başqa sayaq.
Hər gün belinə ağır çanta alıb küçəmizlə məktəbə yollanan uşaqları gördükdə içim ağlayır. Elə bil çantaya daş yığıbsan!
Allah, Allah!...

Adətən, yolda söhbətləşdiyim qonşu kişilər şikayətlənir ki, uşaqlara zülm verirlər. "Bu qədər kitab-dəftər olar!"

Başa düşürəm ki, məsələnin məğzi kitabların sayında deyil. Mahiyyətdə başqa şey durur. Yüklənmə!

Azyaşlını, həm də dünənə kimi həyətdə gizlən-qaç, ya da futbol oynayan, tam hazırlıqsız uşağa elə ilk sinifdən o qədər bilik yükləmək istəyirlər ki, az bir zamanda psixikası pozulur, daim yorğunluq duyur. Yəni həm mənəvi, həm də cismani əziyyət çəkir.

Dərslik müəlliflərinə də Allah insaf versin! Belə də biabırçılıq olar!? Böyük böyüklüyü ilə 3-cü sinfin riyazi əməlini yerinə yetirə bilmir.

Riyaziyyatı hələ başa düşdük, ana dili və ədəbiyyat dərsliklərinə nə deyirsiniz. Vaxt tapıb dərsliklərdəki ədəbi nümunələrə baxın. Bizim vaxtların "Ay qoşabuynuz keçi", "Şəngülüm, Məngülüm", "Həyətə çıxaq, mən də, mən də" tipli şeirləri hara, indikilər hara...

Axı aşağı siniflərdə nağıl və tapmacalarımızı, bayatı və qoşmaları öyrənməyəcək azərbaycanlı balasına nə öyrədildiyini gördükdə
valideynlərin başındakı tüklər biz-biz durur.

Dərslik müəllifləri o şeirləri, hekayələri hardan tapır, necə tapır bilmirəm. Amma mən elə internetdə qurdalanmaqla eləsini tapdım ki, bu kor zehnimlə, pozulmuş yaddaşımla dərhal əzbərlədim.

Bir buzovum vardı.
Pəyədə yeri vardı.
Apardım suvarmağa
Ayağı buzdan zövüdü.

Dedim: "Buz, sən necə də güclüsən!"
Dedi: "Mən güclü olsaydım, gün məni əritməzdi".
Dedim: "Gün, sən necə də güclüsən!"
Dedi: "Mən güclü olsaydım, yağış məndən yağmazdı".
Dedim: "Yağış, sən necə də güclüsən!"
Dedi: "Mən güclü olsaydım, bulud üstümü almazdı".
Dedim: "Bulud, sən necə də güclüsən!"
Dedi: "Mən güclü olsaydım, yağış məndən yağmazdı".
Dedim: "Yağış, sən necə də güclüsən!"
Dedi: "Mən güclü olsaydım, ot məndən göyərməzdi".
Dedim: "Ot, sən necə də güclüsən!"
Dedi: "Mən güclü olsaydım, qoyun məni yeməzdi".
Dedim: "Qoyun, sən necə də güclüsən!"
Dedi: "Mən güclü olsaydım, qurd məni yırtmazdı".
Dedim: "Qurd, sən necə də güclüsən!"
Dedi: "Mən güclü olsaydım, it məni qovmazdı".
Dedim: "İt, sən necə də güclüsən!"
Dedi: "Mən güclü olsaydım, qarı məni vurmazdı".
Dedim: "Qarı, sən necə də güclüsən!"
Dedi: "Mən güclü olsaydım, siçan buğdamı aparmazdı".
Dedim: "Siçan, sən necə də güclüsən!"
Dedi: "Mən güclü olsaydım, pişik məni tutmazdı".
Dedim: "Pişik, sən necə də güclüsən!"
Dedi: "Mən güclüyəm ha, güclüyəm!

Dəmir daraq dişlərim,
Kürsüaltı qışlağımdı,
Kürsüüstü yaylağımdı.
Xanım nəmənə bişirsə,
O da mənim quymağımdı".

Nakam Cənublu Azərbaycan şairi Səməd Behrənginin qələmindən çıxmış "Buzovum" adlı mənzum nağıldır. Bu nadir nümunə (Azərbaycanda ilk dəfə nəşr olunur) "Mətlha və çistanhayi Azərbaycan (Tampacalar və qoşmacalar)" kitabından götürülüb. Kənddə müəllimlik etmiş Səməd Behrənginin qələmə aldığı neçə-neçə belə nağıl var. Hamısı da sadə, rəvan, su kimi axan xalq dilində...

Təhsilin 12 illik edilməsi xəbərini eşidəndə dəhşətə gəldim.
12!!!

Bir igidin ömrü!

Təhsili 12 illik eləmək asandı, cənab nazir. Amma 12 ilə uşaqlara öyrədəcəyiniz bu nağıl tez yaddaqalan, asan anlaşılan olacaqmı?

AzNews.az