Afət Telmanqızı prezidentə müraciət edəcək

26 Oktyabr 2013 11:27 (UTC+04:00)
"Günahkarların layiqli cəzasını alması üçün şəxsən özüm Baş prokurora, ölkə rəhbərliyinə müraciət edəcəm!"

Bu sözləri jurnalist Afət Telmanqızı Sumqayıtda 1 saylı Doğum Evində qardaşının 26 yaşlı həyat yoldaşı Pərvinə Hüseynovanın həkim terroru nəticəsində vəfat etməsinə münasibət bildirərkən "Axar.az"a bildirib.

"Bütün bunlar barədə ilk dəfə sizə danışıram. Bu hadisənin baş verməsində günahkar Sumqayıtda 1 saylı Doğum Evinin rəhbərliyi İnna Ələkbərzadə və əməliyyatı yetirən həkimlərdi. Uşaq keysəriyyə yolu ilə dünyaya gəlib. Əməliyyat vaxtı sidik kisəsini zədələyiblər və kəskin böyrək çatışmazlığı əmələ gəlib. Doğuşdan 9 gün sonra Pərvanənin vəziyyətinin ağır olduğunu bildik. Həkimlər Pərvanənin vəziyyəti ağır ola-ola, bizə heç nə demirdilər. Axırda məcbur olub, Bakıya, Respublika Xəstəxanasına gətirdik. Burda da 15 gün qaldı və nəticədə məlum oldu ki, Sumqayıtdakı həkimlər əməliyyatı düzgün yerinə yetirməyiblər. Sidik kisəsi zədələnib, içəridə "sonluq cift"in qalıqları qalıb və bunun nəticəsində zəhərlənib və böyrəyi fəaliyyətini dayandırıb. Kəskin böyrək çatışmazlığı yüksək təzyiq yaratdı və nəticədə beyninə qan sızdı. Bu vəziyyətlə də komaya düşdü. 8 gün komada qaldı. Dünən gecə də keçinib".

Afət Telmanqızı həkim terroru nəticəsində son vaxtlar çoxsaylı ölümləri izlədiyini də söylədi: "Bu ölüm artıq bizim sıralarımıza çatıb, bu ağrını hər birimiz çiynimizdə hiss edirik. Həmkarım Anar Niftəliyevin də ailəsində həkim məsuliyyətsizliyi üzündən itki baş verdi və bu da bizə ciddi siqnaldır. Son günlər səhiyyə sistemində həkimlərin səhlənkarlığı üzündən baş verən hadisələrə qarşı kampaniyalara qoşulmaq artıq ictimai vəzifəmizə çevrilir. Ortada ailələr məhv olub gedir, körpə uşaqlar anasız qalır. Bütün bunlara son qoyulmalıdır".


AzNews.az