Milli Şura niyə Mitinq Komitəsinə rəhbər təyin edə bilmir? - Açıqlama

26 Oktyabr 2013 12:11 (UTC+04:00)
Demokratik Qüvvələrin Milli Şurasının Mitinq üzrə Təşkilat Komitəsinin sədri postuna təyinat hələ mümkün olmayıb.


AzNews.az-ın məlumatına görə, Milli Şuranın Mitinq üzrə Təşkilat Komitəsinin iclasında da bununla bağlı qərar verilə bilməyib.

AXCP-nin sədrinin müavini Fuad Qəhrəmanlı AzNews.az-a təyinatla bağlı fikir ayrılığının yaranması faktını təsdiqləməsə də, açıqlamasında bildirib ki, AXCP sədrinin keçmiş müavini və adıçəkilən komitənin sədri Asəf Quliyevin hər iki postdan istefasından sonra bu quruma yeni sədr təyin olunmayıb.

F. Qəhrəmanlı əlavə edib ki, hazırda mitinqin texniki məsələlər Təşkilat Komitəsinin üzvü olan digər şəxslərə həvalə edilib. O, mitinqdə çıxış edəcək şəxslər haqda məlumatsız olduğunu da qeyd edib.

Qeyd edək ki, Milli Şuranın mitinqi oktyabrın 27-də Bakıda keçiriləcək.

Bahar Rüstəmli
AzNews.az