Dünya çempionatı Hindistanda keçiriləcək

26 Oktyabr 2013 19:50 (UTC+04:00)
Hazırkı dünya çempionu Vişvanatan Anand (Hindistan) və iddiaçı Maqnus Karlsen (Norveç) arasında 2013-cü ildə şahmat üzrə dünya çempionu adı uğrunda matç noyabrın 7-dən 28-dək Hindistanın Çennay şəhərində keçiriləcək.

Reqlamentə əsasən Vişvanatan Anand və Maqnus Karlsen 12 partiya oynamalıdırlar. Hər bir partiyada ilk 40 gediş üçün 120 dəqiqə nəzarət vaxtı, sonrakı 20 gediş üçün 60 dəqiqə, sonra isə 61-ci gedişdən etibarən partiya başa çatana qədər 15 dəqiqə və hər növbəti gediş üçün əlavə 30 saniyə vaxt ayrılacaq.

6-cı partiyadan sonra rənglər dəyişir, yəni birinci partiyada ağ fiqurlarla oynayan iştirakçı 7-ci partiyanı qara fiqurlarla oynayır. 12 partiyadan sonra hesab heç-heçə olarsa, tay-breyk keçirilir.

2007-ci ildən dünya çempionu olan Vişvanatan Anand bu titulu dünyanın ən güclü şahmatçılarının turnirində qazanmış, sonra isə Vladimir Kramnik, Veselin Topalov və Boris Gelfand ilə matçlarda bu adı qoruyub saxlayıb.

Marnus Karlsen ən yüksək ELO reytinqinə malikdir. O, Anand ilə qarşılaşmaq hüququnu iddiaçıların Londonda keçirilmiş turnirindən sonra qazanıb.(AzərTAc)


AzNews.az