Zakir Həsənov Eldar Sabiroğlunu da işdən çıxarıb?

26 Oktyabr 2013 23:02 (UTC+04:00)
Bu gün Müdafiə naziri Zakir Həsənov üç köməkçisini işdən azad edib. Artıq işdən çıxarılanların yerinə yeni təyinatlar da var.

Bu barədə məlumatı dəqiqləşdirmək üçün "Aznews.az" saytı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu ilə əlaqə saxlayıb. Mətbuat katibi isə belə cavab verib: "Hazırda məzuniyyətdəyəm. Nazirlikdə baş verən kadr dəyişikliklərindən məlumatsızam".

Ölkənin ən strateji nazirliyindən biri olan Müdafiə Nazirliyində ciddi kadr islahatları həyata keçirilərkən, mətbuat xidməti rəhbərinin məzuniyyətə çıxması və yaxud, məzuniyyətini yarıda qoyub, iş başına qayıtmaması sual doğurmaya bilməz. Ümumiyyətlə, mətbuata həmişə açıq olan Müdafiə Nazirliyi mətbuat katibliyinin ciddi islahatlardan "xəbərsiz" olmasını bildirməsi ciddi qarşılana bilməz və Eldar Sabiroğlunun vəzifədən uzaqlaşdırıldığı barədə qeyri-rəsmi məlumatları təsdiqləyir.

Bu arada "APA" Müdafiə nazirinin daha bir islahat apardığı – Hərbi Polis İdarəsinin rəisi, polkovnik Bəbir Həsənovu işdən çıxarması və onun yerinə polkovnik Füzuli Salahovu təyin etməsi ilə bağlı xəbər yayıb. Amma bu rəsmi xəbərdə Eldar Sabiroğluna və Müdafiə Nazirliyinin mətbuat katibliyinə istinadən edilməyib.

Axar.az