Müsavatın qurultayı yenə gündəmdə: BŞİH Arif Hacılını təkzib edir

28 Oktyabr 2013 09:25 (UTC+04:00)



"Müsavat Partiyasının VIII qurultayı ilə bağlı bütün işlər yekunlaşıb, cavab gözləyirik".


Bunu AzNews.az-a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib.

O bildirib ki, Müsavat Partiyası qurultayın keçirilməsi üçün 800-1000 nəfərin iştirak edəcəyi müvafiq zalın ayrılmasını tələb edir. Hökumət isə belə bir zalı ayırmaq istəmir.

Problemin kökündə dayanan məsələ budur.

A.Hacılı qeyd edib ki, burada yalnız hakimiyyətin güzəştə getməsi müzakirə mövzusudur: "Əgər partiyaya müvafiq zal ayrılarsa, qurultay keçiriləcək".

O, BŞİH-yə təkrar müraciətin edilmədiyini və əvvəlki yazılı tələblərinin qüvvədə qaldığını da söyləyib.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov isə bildirib ki, bu günə olan məlumata görə, qurultayın keçirilməsi ilə bağlı hər hansı müraciət daxil olmayıb: "Müraciət daxil olduqdan sonra baxılıb, cavab veriləcək".

Ramil
AzNews.az