Azərbaycanda dörd seysmik stansiya fəaliyyətə başladı

28 Oktyabr 2013 10:39 (UTC+04:00)
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin telemetrik seysmik stansiyalar şəbəkəsi genişlənməkdə davam edir.

Mərkəzdən daxil olan məlumata görə, mərkəzin quruda yerləşən daha 4 telemetrik seysmik stansiyasinda tikinti-quraşdırma işləri başa çatmış və stansiyalar işə başlayıb. Bu stansiyalar Agdam, Füzuli, Beyləqan və Yardımlı seysmik stansiyalarıdır.

Beləliklə, hazırda AMEA nəzdində RSXM-in quruda 35 telemetrik stansiyasi fəaliyyət göstərir. Bundan başqa bu il ərzində mərkəz tərəfindən respublika ərzisində 21 GPS stansiya quraşdırılıb.

Daha bir GPS stansiya isə Saatlı rayonu ərazisində qazılmış, dərinliyi 8324 metr olan quyu üzərində quraşdırma işləri başa çatmaq üzrədir. Qeyd edək ki, bu quyu öz dərinliyinə görə dünyada 3-cü quyudur. Həmin quyu üzərində quraşdırılmış GPS stansiya vasitəsi ilə Yerin təkində gedən prosesləri daha yaxşı müşahidə etmək mümkün olacaqdır.

Qeyd edək ki, AMEA nəzdində RSXM tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda dənizdibi seysmik stansiyaların quraşdırılması işləri davam etdirilir. İlkin olaraq dənizdə 3 seysmik stansiyanın quraşdırılması, gələcəkdə isə onların sayının 10-a çatdırılması nəzərdə tutulur.

AzNews.az