Ermənistan Xorvatiya hökümətinə müraciət etdi

28 Oktyabr 2013 11:55 (UTC+04:00)



İrəvan Xorvatiya hökumətinə müraciət edərək, bu ölkənin silahlanmadan çıxardığı M-36 "Jackson" maşınlarının onlara hədiyyə olunmasını xahiş edib

Ermənistan Xorvatiyadan bu ölkənin silahlanmasından çıxarılan, M-36 "Jackson" tank vuran hərbi texnikalar əldə etmək istəyir.

Bu barədə APA-ya öz hərbi mənbələrindən məlumat daxil olub.

Ermənistan tərəfi Xorvatiya hökumətinə müraciət edərək, bu ölkənin silahlanmadan çıxardığı, II Dünya Müharibəsi dövrünün hərbi texnikası olan M-36 "Jackson" tank vuran maşınlarının onlara hədiyyə edilməsini istəyib.

Ermənistan tərəfinin bu maşınlardan hansı məqsədlər üçün istifadə edəcəyi bəlli deyil. Bununla bağlı qərarı Xorvatiya hökuməti qəbul etməlidir.

90 mm çaplı topa malik M-36 Amerika Ordusu tərəfindən 1944-cü ildən II Dünya və Koreya müharibəsində geniş istifadə olunub. Sonrakı dövrlərdə keçmiş Yuqoslaviya Ordusunda bu tırtıllı maşınlarda T-55 tanklarının malik olduğu 500 at gücünə malik dizel mühərrik quraşdırılıb. Yuqoslaviyada vətəndaş müharibəsi zamanı xorvatlar bu maşınlardan istifadə ediblər.

Çəkisi 29 ton olan M-36 maşınının heyəti 5 nəfərdən ibarətdir.

Maşının silahlanmasına 90 mm çaplı top və pulemyot daxildir.

AzNews.az