ABŞ “facebook”dakı yazışmaları da izləyir – İspaniyadan şok iddia

28 Oktyabr 2013 14:19 (UTC+04:00)
ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) İspaniyada 60 milyondan çox telefon danışığını dinlədiyi irəli sürülüb.

AzNews.az xəbər verir ki, İspan mətbuatında yayılan xəbərlərdə 10 dekabr 2012 - 8 yanvar 2013-cü il tarixləri arasında MTA-nın İspaniyada milyonlarla telefon danışığını dinləməsi barədə iddialar yer alıb.

Bu barədə xəbərləri "El Pais" və "El Mundo" qəzetləri Edward Snowdenin mətbuata sızdırdığı gizli sənədlər əsasında yayıb. "El Mundo" İspaniya qanunlarına görə telefon dinləmələrinin cinayət olduğuna diqqət çəkib.

Xəbərlərdə MTA-nın "İspaniya - Son 30 Gün " başlıqlı sənədində bir ay ərzində İspaniyada 60 milyon 506 min 610 telefon danışığının dinlənildiyi bildirilir. MTA-nın əlavə olaraq Facebook, Twitter kimi sosial şəbəkələrdəki elektron poçtları da izlədiyi irəli sürülüb.

Digər tərəfdən İspaniyanın baş naziri Mariano Rajoyun göstərişinə əsasən ABŞ-ın Madriddəki səfiri Ceyms Kostosun bu gün İspaniya xarici işlər nazirliyinə çağırıldığı bildirilir. Xarici işlər naziri Joze Manuel Qarsia Marqallo Polşada rəsmi səfərdə olduğu üçün ABŞ səfiri ilə İspan hökumətinin Avropa Birliyi ilə əlaqələrdən məsul dövlət katibi İniqo Mendez de Viqo görüşəcək.

İbrahim
AzNews.az