Qaxda zəncirvari qəza: yaralılar var

28 Oktyabr 2013 20:25 (UTC+04:00)
Qax rayonunda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistralının 102-ci kilometrliyində, Qax rayonunun Tasmalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəki rayonunun Baş Göynük kənd sakini Əlixan Qədirov idarə etdiyi yük avtomobili ilə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən arxadan gələn Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü İmamverdiyev Əli Məmməd oğlu idarə etdiyi "Nissan" markalı avtomobillə ötmə hərəkəti etmək istəyərkən qarşı tərəfdən Qax rayonu istiqamətində hərəkət edən Naxçıvan şəhər sakini, 1978-ci il təvəllüdlü Əhmədov Nazim Sabir oğlunun idarə etdiyi "BMW" markalı avtomobilin sürətlə gəldiyini görüb. Bu səbəbdən Ə.İmamverdiyev idarəetməni itirərək avtomobili yolun kənarındakı qoz ağacına çırpıb. N.Əhmədov isə idarə etdiyi "BMW" markalı avtomobilin sürətini nizamlaya bilməyərək əvvəlcə yük maşınına dəyib, daha sonra idarəetməni itirərək yolun kənarındakı qoz ağacına çırpıb.

Zəncirvari qəza nəticəsində xəsarət alan "Nissan"ın sürücüsü Əli İmamverdiyev, onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Aynur Davud qızı İmamverdiyeva, "BMW"-nin sürücüsü Nazim Əhmədov və onun sərnişini, 1960-cı il təvəllüdlü Bərdə rayon sakini Əvəzəli Əli oğlu Gözəlov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıblar.

Zaqatala MRX-dan APA-ya verilən məlumata görə, yaralılardan Əvəzəli Gözəlovun və Aynur İmamverdiyevanın xəsarətləri yüngül olduğundan, onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq üçün evə buraxılıblar. Digər xəstələr Əli İmamverdiyev və Nazim Əhmədovun müalicəsi xəstəxanada davam etdirilir. Hazırda onların vəziyyəti orta-stabil hesab edilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

AzNews.az