İlham Əliyev Türkiyəyə məktub göndərdi

28 Oktyabr 2013 20:30 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gülə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Qardaş Türkiyənin milli bayramı - Respublika gününün 90-cı ildönümü münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Biz bu tarixi günün qürurunu Türkiyə xalqı ilə bölüşür, sevincinizə qoşuluruq.

Xalqlarımızı birləşdirən möhkəm dostluq və qardaşlıq hissləri ortaq mənəvi dəyərlərimizdən və tarixi köklərimizdən güc alır. Sarsılmaz birliyimiz və həmrəyliyimiz bu gün dövlətlərarası münasibətlərimizin təməl daşıdır.

İnanıram ki, Azərbaycan ilə Türkiyə arasındakı dostluq və tərəfdaşlıq münasibətləri qardaş xalqlarımızın rifahına, ölkələrimizin çiçəklənməsinə daim böyük töhfələr verəcəkdir".

İlham Əliyev Abdullah Gülə ən xoş arzularını yetirib, möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Türkiyə xalqına daim sülh və tərəqqi diləyib.
Dövlət başçısı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı da təbrik edib.

Təbrik məktubunda bildirilir: "Qardaş Türkiyənin milli bayramı - Respublika gününün 90-cı ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün Türkiyə xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi yetirirəm.

Bu gün Türkiyə özünün iqtisadi yüksəlişi və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi ilə dünyada böyük nüfuz qazanmışdır. Biz Türkiyənin uğurlarına sevinir və bundan qürur hissi duyuruq.

Ortaq milli mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı və tərəfdaşlığı dövlətlərarası münasibətlərimizin əsasını təşkil edir.

Əminəm ki, tarixin bütün sınaqlarından çıxmış birliyimiz gələcək nəsillərə ən böyük ərməğan olacaqdır.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

AzNews.az