Maşında ölü tapılan Elşad Abdullayevin mühafizəçisi çıxdı

29 Oktyabr 2013 01:54 (UTC+04:00)
Ötən həftə Bakının Sabunçu rayonu ərazisində "Mercedes" markalı avtomobilin arxa oturacağında ölü tapılmış şəxslə bağlı yeni ilginc məlumat yayılıb.
Vesti.az- xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbə bu şəxsin hazırda fəaliyyət dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin mühafizə xidmətinin rəhbəri olduğunu bildiriblər.

Universitetin sabiq rektoru Elşad Abdullayev hazırda Fransada mühacirətdədir.
Bildirilir ki, oktyabrın 23-də ölü tapılan, Ermənistanda anadan olmuş Ramin Qədimov keçmiş polisdir. O, DİN-in mühafizə idarəsində xidmət edib və ABU-nun mühafizəsini həyata keçirib. Lakin xidmətdə yol verdiyi nöqsanlara görə polisdən xaric olunub.

Son vaxtlar R.Qədimov Nərimanov rayonundakı "İnam" klinikasının mühafizəçisi işləyirmiş. Araşdırma zamanı məlum olub ki, həmin şəxs öz əcəli ilə ölməyib. Hadisə yerində kriminalistlər istifadə olunmuş şpris tapıblar. Ehtimal olunur ki, R.Qədimov bədəninə narkotik maddə vurub. Həkim-ekspert rəyinin nəticələri hələ hazır deyil. Bununla belə, Qədimovun bədənində bir neçə iynə yeri olub. Həmçinin o, ölümündən əvvəl spirtli içki də qəbul edib.

Məlumata görə, R.Qədimov avtomobil idarə edərkən özünü pis hiss edib, dayanıb və arxa oturacağa oturaraq keçinib.

Qeyd edək ki, R.Qədimov ANS-də mühafizəçi olub.

Araşdırma davam edir.