Əli Həsənov: “Artıq ağlamağı dayandırmalıyıq”

29 Oktyabr 2013 11:07 (UTC+04:00)
Bu gün Gənc Tamaşaçılar Teatrında Zəngilan rayonunun işğalının 20-ci ildönümü ilə bağlı tədbir keçirilib.

APA-nın verdiyi məlumata görə, Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov deyib ki, işğal nəticəsində 1 şəhər, bir şəhər tipli qəsəbə və 82 kəndi itirilib. O, zəngilanlıların doğma torpaqlara qayıtmaq həsrəti ilə yaşadığını söyləyib.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxışında bildirib ki, 2 il əvvəl ATƏT-in fakt araşdırıcı missiyası Zəngilan rayonuna ermənilərin köçürülməsi faktını aşkarlayıb: "Biz buna çox təəssüf edirik. ATƏT və digər beynəlxalq qurumlar bunu görür, ancaq sadəcə, kənardan müşahidə etməklə kifayətlənirlər. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərarların da heç bir icra olunmur. Bəs biz kimə arxalanmalıyıq? Azərbaycan dövləti, Azərbaycan prezidenti və Azərbaycan xalqına arxalanmalıyıq. Bizim başqa söykənəcək yerimiz yoxdur".

Ə. Həsənov işğal günlərində keçirilən tədbirlərin formatının dəyişdirilməsini təklif etdiyini söyləyib: "Mən xarici işlər naziri Elmar Məmmədyarova müraciət etdim. Təklif etdim ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ölkələrdə Zəngilan rayonunun işğalı ilə bağlı tədbirlər keçirilsin. Səfirliklərimiz dünən bu ölkələrin xarici işlər nazirliklərinə nota təqdim ediblər. Bu notalarda torpaqlarımızın işğalı ilə bağlı geniş məlumatlar, faktlar əksini tapıb. Bu gün səfirliklərin keçirdikləri tədbirlərə bu ölkələrin millət vəkilləri, diplomatlar və digər şəxslər dəvət olunurlar. Artıq ağlamağı dayandırmalı və torpaqlarımızı işğaldan azad etməyə hazır olmalıyıq. Prezident də bunu bəyan edib və biz də gəncliyimizi buna hazırlamalıyıq. Bu gün Gənc Tamaşaçılar Teatrında keçirilən tədbirin də məzmunu və formatı bununla bağlıdır".

Dövlət komitəsinin sədri bildirib ki, Qarabağ türk dünyasının problemidir: "Ancaq bu torpaqları biz azad etməliyik. Haqq-ədalət yerini tutacaq".

AzNews.az