“Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna yenidən baxılsın- Təklif

29 Oktyabr 2013 11:26 (UTC+04:00)
Yeni Azərbaycan Partiyası (YAP) "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun tətbiqinə yenidən baxılması təklif edib.

AzNews.az-ın məlumatına görə, bu gün belə təkliflə Milli Məclisin iclasında millət vəkili, YAP icra katibinin müavini Siyavuş Novruzov çıxış edib.

Bu qanunun tələblərinin ciddi şəkildə pozulduğunu deyən S. Novruzov deyib ki, artıq bir müddətdir bu vəziyyət mütəmadi hal alıb.

O, müxalifəti həqiqətə uyğun olmayan fikirlər səsləndirməkdə də ittiham edib: "Bir vaxtlar müxalifət mitinq keçirmək üçün yerin olmamasından şikayət edirdi. Artıq mitinq keçirmək üçün şəhərin mərkəzinə yaxın yer ayrılıb və istədikləri vaxt aksiya keçirə bilirlər. Lakin bəlli olur ki, onların məqsədi mitinq keçirmək yox, çaxnaşma, qarşıdurma yaratmaqdır".

S. Novruzov qeyd edib ki, müxalifətin son mitinqlərinin hamısında adıçəkilən qanunun müddəaları gobud şəkildə pozulur: "Şəxsiyyət təhqir olunur, çıxışları isə şər və böhtan çağırışlarından ibarətdir. Bu da onların bu hərəkətlərinin, məqsədlərinin qarşıdurmaya aparmasından xəbər verir. Ona görə də biz mütləq bunun qarşısını almaq üçün "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun tələblərinə yenidən baxmalıyıq".

AzNews.az