“Unibank” məhkəmə qarşısında

29 Oktyabr 2013 12:16 (UTC+04:00)
Bu gün Apellyasiya Məhkəməsində hakim Raqif Qurbanovun sədrliyi ilə "Unibank"ın keçmiş əməkdaşı Valeh Həsənovun banka qarşı iddiasına baxılıb.

AzNews.az xəbər verir ki, bankın keçmiş əməkdaşı Valeh Həsənovun "Əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün əmək haqqı ödənilməsinə dair" iddiası Nəsimi rayon Məhkəməsində təmin edilsə də, bank qətnamədən apellyasiya şikayəti verib.

Valeh Həsənov AzNews.az-a açıqlamasında bildirib ki, 2010-cu ildən çalışdığı bankda nümunəvi işçi olub. Bankda korporativ müştərilərinə xidmət üzrə mütəxəssis işləyib. İşlədiyi dövr ərzində mütəxəssis dərəcəsi yüksəldilib. İşdə rəhbərliyin dəyişməsi, vəzifə və əmək haqqı artımının olmaması ilə əlaqədar işini dəyişmək qərarına gəlib və aprelin 2-də elektron məktubla bank rəhbərliyini məlumatlandırıb. Kadrlar şöbəsindən ona bu barədə ərizə yazması tələb olunduğu deyilib və o, həmin ərizəni yazılı şəkildə müvafiq şöbəyə təqdim edib.

"Əmək kitabçası"nı almaq üçün kadrlar şöbəsinə müraciət edəndə isə qəribə vəziyyətlə üzləşib. Belə ki, bankın 11 saylı filialının Korporotiv kreditlər üzrə 3-cü dərəcəli mütəxəssisi əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi əsas gətirilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini öyrənib:

"Mənimlə müqaviləyə aprelin 15-dən etibarən Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilib. Halbuki Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verə bilər. "Unibank"da 14.04.2013-cü ildə imzalanan əmrdə isə əmək müqaviləsinə 2 əsasla xitam verilib. Yəni, "əmək funksiyasını yerinə yetirməmək" və "əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməmək"lə günahlandırılmışam".

Nəsimi rayon Məhkəməsi hesab edib ki, "Unibank" V.Həsənovla bağlı verdiyi əmri əsaslandıra bilməyib. İntizam tənbehini qanunla buna səlahiyyəti çatmayan vəzifəli şəxs verib. Bu baxımdan, məhkəmə əmri hüquqi qüvvəsi olmayan əmr hesab edib. Bütün bunları nəzərə alaraq iddiaçı Valeh Həsənovun "Unibank" ASC-yə qarşı irəli sürdüyü iddiaları təmin edib.

Bakı Apellyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin qərarını haqlı hesab edərək tərəflərə qarşılıqlı razılaşma təklif edib. Son məhkəmə prosesində hakim tərəfləri qarşılıqlı güzəştə çağırıb. Belə ki, iddiaçı Valeh Həsənova məcburi iş buraxma günləri üçün əmək haqqı ödənişindən imtina təklif olunub. Bunun müqabilində isə bank onunla bağlı əmri ləğv etməli, V.Həsənovu öz işinə bərpa etməlidir. Bakı Apellyasiya Məhkəməsində növbəti iclas noyabrın 19-da keçiriləcək.

Ruhiyyə
AzNews.az