AFFA klubları cəzalandırdı

29 Oktyabr 2013 12:45 (UTC+04:00)
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İclasda Premyer Liqanın on birinci turunun, Azərbaycan kubokunun 1/16 mərhələsinin oyunlarında və Azərbaycan superkubokuda baş verən hadisələrlə bağlı qərarlar verilib.

Azərbaycan Superkubokunun "Xəzər Lənkəran" - "Neftçi" matçında hər iki klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub.

Matçın 64-cü dəqiqəsində "Xəzər Lənkəran" klubunun futbolçusu Sadio Tounkara idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. Bu cəza yalnız Superkubok oyununa şamil edilib.

Azərbaycan kubokunun 1/16 final MOİK - "Qaradağ Lökbatan" matçının 90+2-ci dəqiqəsində MOİK klubunun futbolçusu Ramil Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.

Azərbaycan kubokunun 1/16 final "Mil-Muğan" - "Lokomotiv" matçında "Mil-Muğan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimələnib.

Oyunun 42-ci dəqiqəsində "Mil-Muğan" klubunun futbolçusu Vasif Mehrəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub.

Oyunun 79-cu dəqiqəsində "Lokomotiv" klubunun futbolçusu Nicat Əsgərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub.

Oyunun 88-ci dəqiqəsində "Lokomotiv" klubunun futbolçusu Kənan Cəfərovla "Mil-Muğan" klubunun futbolçusu Nicat Fərəcli biri-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanıb, klublar 200 manat cərimə olunub.

Topaz Premyer Liqasının XI turunun "Rəvan" - "Bakı" matçında "Rəvan" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

AzNews.az