Oqtay Əsədov: “Azərbaycanın bu quruma ehtiyacı yoxdur”

29 Oktyabr 2013 13:01 (UTC+04:00)
"ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu təzyiq mexanizmidir və əksər ölkələr bu qurumu müşahidəçi kimi ölkəsinə çağırmır".

AzNews.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov deyib.

O. Əsədov bildirib ki, Azərbaycan gələcəkdə ATƏT DTİHB-ın seçkilərə dəvət edilməməsi məsələsinə baxacaq. Onun sözlərinə görə, artıq Azərbaycanın bu quruma ehtiyacı yoxdur: "Artıq prezident seçkiləri arxada qalıb və xalq öz sözünü deyib, mövqeyini bildirib".

Milli Məclisin sədri nitqində Avropa Parlamenti ilə bağlı da danışıb: "Bu qurum Azərbaycana nümayəndə heyəti göndərmək istəmirdi. Lakin sonradan nümayəndə heyəti göndərmək qərarına gəldilər və həmin deputatlar da öz qəti mövqeyini bildirdilər. Amma Avropa Parlamenti öz deputatlarının rəyini nəzərə almadan kənar qüvvələrin rəyini bəyan etdi. Onların məqsədi Azərbaycanı təsir altında saxlamaqdır və bu yolda öz rıçaqlarından istifadə etmək istəyirlər".

AvroNEST Parlametn Assambleyası barədə də danışan O. Əsədov bildirib ki, Azərbaycan bu təşkilata qoşularkən həmin təşkilatı Şərq ölkələri ilə Avropa ölkələrini əlaqələndirici bir qurum kimi görüb və AVRONEST-in ilk xarici ölkədə keçirilən iclası da məhz Azərbaycanda keçirilib. Lakin təəssüf ki, AvroNEST qarşısına qoyulan məqsədləri yerinə yetirməyib.

AzNews.az