İP-in buraxılması xəbərinə YAP-dan ironik reaksiya

29 Oktyabr 2013 15:26 (UTC+04:00)
"Adı idman komandasının tərəfdarları Milli Şuranın bir mitinqə topladığı adamdan dəfələrlə çoxdur"


"Milli Şurada İctimai Palatanın taleyini yaşayacaq və qısa müddətdən sonra qapısı bağlanacaq".

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Aydın Mirzəzadə deyib.
O bildirib ki, müxalifət yaratdığı qurumlara müxtəlif adlar fikirləşərək, vaxtaşırı özünü dəyişməyə çalışır. Dünyanın heç bir yerində belə tez-tez adını və formasını dəyişən müxalifətə rast gəlmək mümkün deyil:

"1990-cı illərdən başlayaraq, müxalifət müxtəlif adlarda birliklər yaradıb. Bu qurumlardan biri də İctimai Palata olub. Lakin köklü olaraq heç nə dəyişmir. Əslində, eyni təşkilatlar bir adda qurumdan, başqa adda olan quruma keçid edirlər".

A. Mirzazadə deyib ki, indiki format Cəmil Həsənlinin timsalında bəzi müxalifət partiyaları üçün cəlbedici görünür. Əslində isə heç bir məğz dəyişməyəcək.

YAP Siyasi Şurasının üzvü Milli Şuranın genişləndirilməsi ilə bağlı fikirlərə də öz münasibətini bildirib: "Bir müddət əvvəl Ziyalılar Forumu yeni yaranarkən, iqtidar bu qurumun siyasi birlik olduğunu demişdi. Lakin onlar bunu qəbul etmək istəmirdilər. Artıq deyilənlər öz təsdiqini tapdı və görünən budur ki, bu şəxslər ziyalı deyil, siyasətlə məşğul olan insanlardırlar".

O, müxalifət partiyalarının sədrlərinin birləşdirici imkanlarının məhdud olduğunu da qeyd edib: "İş burasındadır ki, ənənəvi müxalifət partiyalarının sədrlərinin heç biri digər partiyaları öz ətrafında birləşdirə bilmir. Bu da onların böyük iddialarının olmasından irəli gəlir. İndi isə düşünürlər ki, Cəmil Həsənlinin siyasi arenaya gətirməklə uğur qazana və qüvvələri birləşdirə bilərlər. Son mitinqlər də göstərdi ki, adı idman komandasının tərəfdarları Milli Şuranın bir mitinqə topladığı adamdan dəfələrlə çoxdur".

Ramil Məmmədli
AzNews.az