Türkiyə Cümhuriyyəti – 90

29 Oktyabr 2013 22:22 (UTC+04:00)
90 il öncə 29 oktyabr 1923 il tarixində türk millətinin və böyük Atatürkün dühası və verdikləri qəhrəmanlıq mücadilə nəticəsində Türkiyə Cümhuriyyəti qurulmuşdur.

Qurtuluş savaşından sonra o dövrün ağır siyasi və iqtisadi şəraitində, çox mürəkkəb beynəlxalq vəziyyətdə Türkiyə Cümhuriyyətinin elan edilməsi XX əsrin ən önəmli hadisələrindən biri olmuşdur.

Bu dövlət böyük, möhtəşəm bir tarixə malik imperatorluğun üzərində qurulmuşdur. Yeni dövlət türk millətinin suverenliyini və hüququnun aliliyini əsas götürmüşdü, eyni zamanda Osmanlı imperatorluğunun dövlətçilik ənənəsindən bəhrələnmişdir.

Gənc Cümhuriyyətdə həyatın bütün sahələrində aparılan köklü islahatlar Türkiyənin modern, sivil bir dövlətə çevrilməsi yolunda görülən böyük işlər zaman ötdükcə öz möhtəşəm nəticələrini vermişdir.

Türkiyə qurulduğu zamandan bu yana bir çox ölkələr tərəfindən örnək olaraq göstərilmiş və bu bu gün də davam edir. Bunun səbəbi-Türkiyə Cümhuriyyətinin insanlığa qürur gətirən dəyərləri və idealları təmsil etməsidir. Qurtuluş savaşı verənlərlə Cümhuriyyəti quranların ruhuna rəhmət oxuyaraq, onları bir daha dərin ehtiramla yad etmək istərdim.

Türkiyə Cümhuriyyəti o zaman üçün yeni bir əsasda qurulmuşdur. Atatürk müstəqil və müasir bir hüquqi dövlət qurmaq qarşıya məqsəd qoymuşdur. Siyasi, iqtisadi, sosial və mədəni cəhətdən yeni bir dövlətin əsasını qoymuşdur.

Türk xalqı böyük öndərin cızdığı yol ilə yenilmədən irəliləmiş xalqın gücünə və əzminə dayanaraq bütün çətinliklərin öhdəsindən uğurla gəlmişdir. Bu gün türk xalqı hədəflərinin çoxunun gerçəkləşməsinin qürurunu yaşayır. İnanırıq ki, irəlidə Türkiyə xalqının yeni-yeni zəfərlər gözləyir.

Müharibədən sonra iqtisadiyyatı tamam durmuş Türkiyə bütün potensialı səfərbər edərək qısa müddətdə bir çox malları idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir. Türkiyə Cümhuriyyəti müstəqilliyinin önəmli bir hissəsini təşkil edən iqtisadi müstəqillik əldə etmiş sahib olduğu zəngin təbii və insani resursları tam istifadə edə bilmişdir.

32 km2 bir sahəni əhatə edən və 32 milyard dollarlıq bir yatırımla Türkiyənin öz imkanları hesabına həyata keçirilən Güney Doğu Anadolu projesi ölkənin sahib olduğu iqtisadi gücün göstəricisidir.

Türkiyə cəmiyyəti sosial və mədəni sahədə müasirliklə ayaqlaşaraq, milli-mənəvi dəyərlərini də qoruya bilmişdir. Təhsil sahəsində müasir bir yol seçərək, dünya standartlarına uyğun təhsil sistemi qura bilmiş, elm və texnologiya sahəsində də irəliləyişə nail olmuşdur.

Bu gün Türkiyə bölgədə və dünyada böyük gücdür. Onun rəyi və razılığı nəzərə alınmadan hər hansı bir proyektin həyata keçməsi mümkün deyil. Çalışqan və zəhmətsevər insanları, böyük nüfuzu, daim inkişafda olan iqtisadiyyatı, qüvvətli ordusu, açıq və özgür cəmiyyəti demokratiya və hüququn aliliyini əsas tutan Türkiyə XXI əsrdə beynəlxalq aləmin ən öndə gedən ölkələrindən biridir.

Üç qitə arasında coğrafi mövqeyi, Şərq ilə Qərb, İslam ilə Xristian dünyaları arasında oynadığı körpü rolu Türkiyəyə dünya dövlətləri arasında geostrateji önəm qazanmışdır.

"Yurdda sülh, cahanda sülh" prinspinə əsaslanan Türkiyənin xarici siyasəti daxili işlərə qarışmama, qarşılıqlı fayda və ərazi bütövlüyünün tanınması prinsiplərinə ölkələrarası münasibətlərdə əsaslanır. Dünyada və bölgədə barış və sabitliyin qorunmasına böyük önəm verən Türkiyə daim qarşılıqlı anlaşmaya əsaslanan dostluq münasibətləri qurmağa çalışmışdır. Bu gün qazandığı mövqeyə görə Türkiyə Cümhuriyyəti gələcəyə daha inamla və daha böyük ümidlə baxır.

gun.az