İlham Əliyev dövlət komissiyası haqda sərəncam imzaladı

29 Oktyabr 2013 19:34 (UTC+04:00)
Prezident İlham Əliyev Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda "Şahdəniz" perspektiv strukturunda Azərbaycanın müasir neft tarixində ilk dəfə olaraq zəngin qaz-kondensat yatağının kəşf edilməsi və 1996-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bu yataq üzrə dünyanın tanınmış neft şirkətləri ilə Saziş imzalaması ölkə iqtisadiyyatına irihəcmli xarici sərmayə cəlb edilməsinə imkan yaratdığı qeyd edilib: "2006-cı ildə "Şahdəniz" yatağının istismarının birinci mərhələsinin başlanmasından sonra təbii qazın Cənubi Qafqaz Qaz Boru Kəməri vasitəsilə Gürcüstan və Türkiyə bazarlarına çıxarılması Azərbaycanın enerji sənayesi tarixində yeni səhifə açaraq ölkəmizi qaz ixracatçısına çevirmişdir.

Hazırda "Şahdəniz" yatağının istismarının ikinci mərhələsinin həyata keçirilməsi həcmi artmaqda olan qazın Türkiyə və Avropaya ixracını təmin edəcək müvafiq infrastrukturun yaradılmasını nəzərdə tutur.

2012-ci il iyunun 26-da "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair" Saziş imzalanmış və hər iki dövlətin qanunverici orqanları həmin Sazişi ratifikasiya etmişlər.

Trans-Anadolu Qaz Kəməri təkcə "Şahdəniz" layihəsi çərçivəsində hasil olunan qazı deyil, Azərbaycanın digər yataqlarından hasil edilən təbii qazı da dünya bazarına çatdırmaq potensialına malik olması ilə mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır".

Sərəncamda bildirilir ki, böyük sərmayə qoyuluşu tələb edən təbii qaz yataqlarının işlənilməsinə və hasil edilmiş qazın boru kəmərləri vasitəsilə nəqlinə dair layihələrin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təxirəsalınmaz təşkilati və digər tədbirlərin görülməsini tələb edir. Buna görə də, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutan prezident göstərilən layihələrdə Azərbaycan Respublikasının mənafeyini qorumaq, Azərbaycan dövləti tərəfindən layihə iştirakçılarına hərtərəfli kömək göstərilməsini və əlverişli şərait yaradılmasını təmin etmək məqsədi ilə "Şahdəniz" qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyasının yaradılmasına qərar verib:

Komissiyanın sədri

Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.

Komissiyanın üzvləri:

Əli Əsədov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini

Natiq Əliyev – Azərbaycan Respublikasının energetika naziri

Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Hüseynqulu Bağırov – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Rövnəq Abdullayev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Şahmar Mövsümov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.

AzNews.az