Rövnəq Abdullayev fəxri fərmanlar verdi

29 Oktyabr 2013 20:00 (UTC+04:00)
"Bulla-dəniz" yatağındakı 90 nömrəli quyuda baş vermiş qəzanın aradan qaldırılmasında digər dövlət qurumları ilə birlikdə fəal iştirak etmiş Dövlət Sərhəd Xidmətinin bir qrup əməkdaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Fəxri fərmanları ilə təltif olunublar.

AzNews.az-ın Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 29-da ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri fəxri fərmanları təqdim etmək məqsədi ilə Dövlət Sərhəd Xidmətində olublar. Xidmətin rəisi general-leytenant Elçin Quliyev qonaqları səmimi salamladıqdan sonra cari ilin avqustunda Xəzər dənizinin Azərbaycan sektorundakı "Bulla-dəniz" yatağında 90 nömrəli quyuda baş vermiş açıq fontanla əlaqədar yaranmış qəzanın aradan qaldırılması zamanı ekstremal şəraitdə yüksək fədakarlıq və peşəkarlıq göstərmiş Dövlət Sərhəd Xidməti əməkdaşlarının fəaliyyəti haqqında film nümayiş etdirilib.

Tədbirdə çıxış edən ARDNŞ-nin prezidenti R.Abdullayev dəniz akvatoriyalarında baş verən texnogen qəzaların aradan qaldırılmasının bütün dünyada mürəkkəb əməliyyatlardan olduğunu söyləyib, Azərbaycan mütəxəssislərinin bu çətin işin öhdəsindən layiqincə gəldiyini, quyunun xilas olunduğunu, sistemə qoşulduğunu və hazırda istismar edildiyini qeyd edib, sərhədçilərin yüksək peşəkarlıqla həyata keçirdikləri tədbirlərin əhəmiyyətini vurğulayıb.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə və şəxsi heyətinə çoxminli neftçilər ordusu adından minnətdarlığını bildirən R.Abdullayev qeyd edib ki, quyudakı qəzanın təhlükəsiz və operativ aradan qaldırılmasında fəal iştirak edib, yanğının söndürülməsi ilə əlaqədar xüsusi tapşırığa cəlb edilmiş Sərhəd Xidməti əməkdaşları ARDNŞ-nin Fəxri fərmanları və pul mükafatları ilə təltif olunublar. O bildirib ki, Sərhəd Xidmətinin digər əməkdaşları ilə birlikdə qəza yerində onlara bilavasitə rəhbərlik etmiş Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant E.Quliyev də ARDNŞ-nin Fəxri fərmanına layiq görülüb.

ARDNŞ-nin prezidenti R.Abdullayev general-leytenant E.Quliyevə, eləcə də general-mayor Əfqan Nağıyev, polkovnik-leytenantlar Zaur Əhmədov, Rasim Əliyevə və Dövlət Sərhəd Xidmətinin digər əməkdaşlarına ARDNŞ-nin Fəxri fərmanlarının vəsiqələrini təqdim edib. O, təltif olunanları təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.

Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant E.Quliyev ölkə iqtisadiyyatının dinamik inkişafında misilsiz xidmətləri olan neftçilərin əməyini yüksək qiymətləndirib, Dövlət Neft Şirkəti ilə Dövlət Sərhəd Xidməti arasında əməkdaşlığın gündən-günə daha da möhkəmləndiyini söyləyib. O vurğulayıb ki, "Bulla-dəniz" yatağındakı qəzanın aradan qaldırılması işində sərhədçilər vaxtı ilə Dövlət Neft Şirkəti tərəfindən Dövlət Sərhəd Xidmətinə təmənnasız verilmiş gəmilərin gücündən istifadə ediblər. E.Quliyev hərbi əməkdaşlıq sahəsində ARDNŞ-nin xidmətlərini qeyd edib və şirkət rəhbərliyinə təşəkkür elan edib. O, Azərbaycanın bütün sərhədləri kimi, ulu öndər Heydər Əliyevin qalibiyyətli neft strategiyasının həyata keçirilməsində müstəsna əhəmiyyət daşıyan dəniz yataqlarının mühafizəsinin sərhəd qoşunları tərəfindən həmişə olduğu kimi, bundan sonra da yüksək səviyyədə təşkil olunacağını bildirib.

AzNews.az