Muğam ifaçıları arasında qalmaqal: “Mələkxanımın səsi də özü kimi oynaqdır”

30 Oktyabr 2013 09:08 (UTC+04:00)
Xalq artisti, tanınmış muğam ifaçısı Mələkxanım Əyyubova saytımıza müsahibəsində xanəndələrlə bağlı ittiham irəli sürüb. Sənətkar bildirib ki, 30 ildə "Rast" muğamının bir ifaçısı olub: "Otururlar muğam müsabiqəsində guya, ad çəkmirlər, "Rast"dan danışırlar. Otuz ildə "Rast"ı bir qadın oxuyub, da o da mənəm. Onların hərəkətinə, səviyyəsinə sənətimlə cavab verəcəyəm. Onlar daxillərindəki paxıllığı öldürə bilmirlərsə, mən nə edim?"

Əməkdar müəllim, muğam ifaçısı Qəzənfər Abbasov isə AzNews.az-a açıqlamasında Mələkxanım Əyyubovanın səsinin "Rast" muğamı ilə qətiyyən uzlaşmadığını bildirib: "Bu muğamı mərhum sənətkarlarımız Həqiqət Rzayeva və Gülxar Həsənova gözəl oxuyub. Onlardan sonra "Rast"a muğam ifaçısı Bəsti Sevdiyeva müraciət edib. Bu günlərdə isə Muğam Mərkəzində Mələkxamım Əyyubovanın ifasında eşitdim. Amma bir müəllim kimi deyə bilərəm ki, Mələkxanım "Rast"ın öhdəsindən 100 faiz gələ bilmədi. Onun səsi bu muğama düşmürdü. O, deyə bilər ki, "Mahur-hindi" muğamını yaxşı oxuyub. "Rast"ı onun kimi oxuya bilmədi. "Rast" dolu, ağır səs istəyir. Mələkxanımın isə səsi özü kimi oynaqdır".

Xalq artisti Mənsum İbrahimovun fikrincə, "Rast" muğamı kişi səsi üstündədir: ""Rast" muğamını bizim qadın xanəndələrimizdən Səkinə İsmayılova, Bəsti Sevdiyeva və Mələkxanım Əyyubova oxuyub. Müraciət edirlər. Ancaq deyirlər ki, "Rast" kişi muğamıdır. Ona görə kişi muğamıdır ki, orada maye şöbələri oxumaq qadın üçün çətindir. Bu muğam zil səs istəyir. O baxımdan deyirlər ki, qadınlar daha çox "Şahnaz", "Qatar" muğamlarını oxuyur".

Bahar Rüstəmli
AzNews.az