Kamal Kılıçdaroğlu ABŞ səfərindən danışdı

30 Oktyabr 2013 09:09 (UTC+04:00)



Bu sözləri APA-nın Türkiyə müxbirinə açıqlamasında Türkiyənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu deyib.

K. Kılıçdaroğlu Türkiyə prezidentinin 29 oktyabr - Cümhuriyyət Günü münasibətilə verdiyi ziyafətdə APA-nın "Noyabrın 30-da ABŞ-a səfəriniz zamanı rəsmi dairələrlə görüşlərinizdə Azərbaycanın erməni işğalı altındakı torpaqları və Qarabağ məsələsini gündəmə gətirməyi düşünürsünüzmü?" - sualını belə cavablandırıb:

"Azərbaycan bizə qardaş ölkədir. Biz bütün platformalarda Azərbaycanın məruz qaldığı haqsızlığı gündəmə gətiririk. ABŞ-a səfərimiz zamanı da Azərbaycanın erməni işğalı altındakı torpaqları və Qarabağ məsələsini gündəmə gətirəcəyik. Mənim xarici məsələlər üzrə müavinim Faruk Loğoğlu Bakıda və Vaşinqtonda səfir işləyib, Türkiyə Xarici İşlər Nazirliyinin icra aparatına rəhbərlik edib. Ona görə də Azərbaycanın məruz qaldığı haqsızlığı yaxşı bilir və prosesləri daim yaxından izləyir. Bununla bağlı təklif və qeydlərinizi Faruk bəyə verməyinizi xahiş edirəm. Hörmətli Loğoğluyla problemin son durumunu ətraflı şəkildə dəyərləndirəndən sonra ABŞ-a səfərimiz zamanı rəsmi görüşlərimizdə Azərbaycanın işğal altında olan torpaqları və Qarabağ məsələsini mütləq gündəmə gətirəcəyik".

CHP lideri K. Kılıçdaroğlu iqtidara gələn kimi Azərbaycan torpaqlarının ən qısa müddətdə işğaldan azad edilməsi üçün əllərindən gələn hər şeyi edəcəklərini və Türkiyə-Azərbaycan münasibətlərini yeni strateji səviyyəyə yüksəldəcəklərini vurğulayıb.

AzNews.az