QMİ sədri: “Azərbaycanda iğtişaş salmaq istəyirlər“

30 Oktyabr 2013 11:42 (UTC+04:00)
Bu gün Azərbaycanda hər iki məshəbin birgəyaşayışı mövcuddur.


Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə qurumun Qazilər Şurasının Məhərrəm ayının başlanması ilə bağlı keçirilən tədbirində çıxışı zamanı deyib.

A.Paşazadə bildirib ki, bir azərbaycanlı kimi həm sünni, həm şiə məshəblərinin bir yerdə yaşaması və bir yerdə namaz qılması, bir yerdə ibadət etməsi çox xoşdur: "Bu gün Azərbaycanda tolerantlıq, dinlərarası münasibət, başqa dinlərə olan münasibət bütün dünyada nümunə kimi göstərilir. Amma bunu pozmaq istəyən bəzi qüvvələr də var. Əlbəttə, bunun bir ucu xaricdən gəlir. Onlar Azərbaycanın inkişafını istəmirlər. Azərbaycanın həm dini, həm də iqtisadi baxımdan yüksəlişini, mənəvi cəhətdən yüksəlişini gözü götürməyən qüvvələr var".

QMİ sədri bildirib ki, bu qüvvələr istəmirlər ki, Azərbaycanda bu sakitlik davam etsin, bəzi qüvvələr məshəblər arasında iğtişaş salmaq istəyirlər: "Biz buna imkan yaratmamalıyıq. Bizim hamımızı birləşdirən Allahdır, Qurandır, Peyğəmbərdir və imamlardır və biz bunların kölgəsinin altında axirətimizi qazanmaq istəyirik".

AzNews.az