Zəminə Dünyamalıyevaya: “Gedirsən bəhanəsiz get”

30 Oktyabr 2013 13:51 (UTC+04:00)
"Zəminə Dünyamalıyevanın İctimai Palatadan istefasının səbəbini bilməsəm də, onun qərarına hörmətlə yanaşsam da, demokratiya uğrunda mübarizəni heç bir halda yarımçıq qoymağı doğru hesab etmirəm".

Bunu AzNews.az-a açıqlamasında AXCP-nin sədr müavini Gözəl Bayramlı bildirib. Onun sözlərinə görə, siyasətçi olmağa iddia edənlər öz fəaliyyətində ardıcıl, prinsipial olmalı, qarşıya qoyulan məqsədlərin reallaşması üçün daim mübarizə aparmalıdır: "Hər kəs bu uzun yolu sona qədər gedə bilmir".

O deyib ki, təmsil olunduğu bir quruma qarşı əsassız ittihamlar səsləndirməyi heç kimə yaraşdırmır: "Kimsə bunu özünə layiq bilirsə, bu, onun şəxsi problemidir. Gedirsən bəhanəsiz get. Bəhanəsiz gedişlər daha yaxşıdır".

Xatırladaq ki, Açıq Cəmiyyət Partiyasının Ali Məclisinin sabiq sədri və Milli Şuranın keçmiş üzvü Zəminə Dünyamalıyeva İctimai Palatadan da istefa verib.


Bahar Rüstəmli
AzNews.az