Abid Şərifov: “Günahkar özümüzük”

30 Oktyabr 2013 16:35 (UTC+04:00)
"Azərbaycanda baş verən torpaq sürüşmələrinin iqlim şəraiti ilə heç bir əlaqəsi yoxdur, bunun günahkarı özümüzük".


AzNews.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov deyib.

A.Şərifov deyib ki, Ağsu rayonu ərazisindəki aşırımda baş verən sürüşmənin səbəbi də bu tip problemlərdir: "60 ildir Ağsu aşırımındakı yoldan istifadə edirəm, ildə də ən azı on dəfə oradan keçirəm. Ağsu aşırımında heç vaxt sürüşmə olmayıb. Yalnız polis postunun yaxınlığında çox cüzi torpaq tökülməsi olardır. İndi isə Ağsu aşırımı bütövlükdə sürüşür. Niyə? Ona görə ki orada 50 metrdən bir restoran tikilib. Nə kanalizasiya xətti, nə suyun axması üçün başqa vasitə var. Hərə bir tualet və sair tikib. Amma heç bir axar yolu yoxdur. Sürüşmə ərazisində pillə-pillə nəsə etmək olmaz. Əgər şampolar betonla tikilsəydi və ərazidəki torpaq vaxtaşırı daşınsaydı heç vaxt sürüşmə olmazdı".

Bakının Zığ, Bayıl və Badamdar qəsəbəsindəki sürüşmələr haqda da danışan A.Şərifov bildirib ki, bu sürüşmələr yalnız insanların fəaliyyəti, qanunlara əməl olunmaması nəticəsində yaranır: "Bəyəm əvvəllər Azərbaycanda yağış yağmırdı? Yoxsa yağıntılar artıb? Əgər keçmiş dövrə nəzər salsaq, əksinə indi yağıntılar azalıb. Ona görə də günahkar özümüzük. Sürüşmə zonalarında ev, restoran, kafe tikənlər və buna icazə verənlər, göz yumanlar günahkardır".

O qeyd edib ki, düzənlikləri çıxmaq şərti ilə, hazırda bütün dağ rayonlarında sürüşmələr mövcuddur: "Bir az insafımız olmalıdır, addım atanda, iş görəndə belə məsələləri düşünməliyik, ölçüb-bişməliyik. Bakının Zığ qəsəbəsindəki sürüşmə zonasında 92 ev var və onların əksəriyyəti qanunsuz tikilib. Onlar son qəpik-qruşlarını sərf edib ev tikiblər. Həmin yerə cavabdeh olan insanlar buna imkan verməməlidirlər, deməlidirlər ki, o oğul, ay qardaş dayan, bura sürüşmə zonasıdır, eləmə, qoyduğun zəhmətin batacaq. Bəla bundadır ki, bunu heç kim demir. Bu qədər insanın hamısına cəza kəsmək də olmaz. Əgər restoran sahibiyəmsə, pul qazanıramsa, bilməliyəm ki, zibili yol tökmək olmaz, zəhmət, xərc onu daşıtmalıyam. Bəyəm onlar görmürlər ki, ərazi sürüşür? Bilmir ki, sürüşməyə səbəb onun fəaliyyətidir? Təbii ki bilir. Əslində cəza verməkdən asan iş yoxdur. Amma nəticəsi olacaqmı? Hamını cəzalandırmaq da doğru olmaz. Nə qədər xəbərdarlıq etmək olar?".

A.Şərifov deyib ki, Nazirlər Kabinetinin tapşırığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi sürüşmə zonalarının xəritəsini hazırlanır: "Bir ay ərzində xəritəni təqdim etməlidir. Sonra Nazirlər Kabinetinin qərarı olacaq. Həmin qərarla icra başçılarına, bələdiyyə sədrlərinə tapşırıq veriləcək ki, sürüşmə zonalarında tikintiyə icazə verməsinlər, bunun qarşısını alsınlar".

AzNews.az